Eksklüziv: İdmanımıza vəsait ayıran şəxslərə vergidə güzəşt edildi – Video

Eksklüziv: İdmanımıza vəsait ayıran şəxslərə vergidə güzəşt edildi – Video
Futbol, Eksklüziv, Tribuna, Video
28 Dekabr 2018 - 08:27
Vergilər nazirinin müavini Sahib Ələkbərov: "Gələcəkdə imtiyazlar artırıla bilər"

Supersport.Az-ın əldə etdiyi məlumata görə, idmanımıza vəsait ayıran şəxslərə vergidə güzəşt olunub.

Saytımıza eksklüziv açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov bu haqda xəbəri təsdiq edib.


Vergilər Nazirliyinin rəsmisi, müxtəlif, həmçinin idman sahəsinə vəsait ayıran şəxslərə vergidə imtiyazlar verildiyini bildirib. Onun sözlərinə görə, noyabrın 30-da təsdiq olunmuş Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanuna əsasən, ilk növbədə idman, təhsil, mədəniyyət sahələrinə sərmayə qoyan sahibkarlara güzəşt edilib. Belə ki, bu şəxslərin mənfəətindən 10 faiz imtiyaz nəzərdə tutulub.

S.Ələkbərovun fikrincə, bu qərar sahibkarların həvəslənməsinə, faydalanmasına, onlar üçün stimul yaranmasına gətirib çıxaracaq və ən əsası idmanımızın da inkişaf etdirilməsi üçün böyük kömək olacaq.

Nazir müavini, sualımıza cavabda idman sahəsinə vəsait ayıran şəxslərin vergidən tam azad olunmasını mümkünsüz hesab etdiyini desə də, gələcəkdə güzəştlərin artırılmasını istisna etməyib:

"Mövcud qanunvericilikdə belə maddə, ümumiyyətlə, dünyada bu sahələrdə sahibkarların vergidən tam azad olunması təcrübəsi yoxdur. Ancaq gələcəkdə bu məsələyə yenidən baxılıb, vergi güzəştində faiz müəyyən qədər dəyişə bilər. Hələlik ölkəmizdə ilk dəfə məcəlləyə belə dəyişiklik edilib. Düşünürəm ki, 10 faiz güzəşt kifayət qədər yüksək məbləğdir və bu, sahibkarları daha çox həvəsləndirəcək və ölkəmizə böyük fayda verməsinə səbəb olacaq".

Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minəcək müddəalarına əsasən, idman və digər sahələrə vəsait ayıranlar 10 il müddətinə mənfəət vergisindən azaddır.

Anar Cəfərov

Digər xəbərlər