Ernan Krespo Bakıya gəlir

Ernan Krespo Bakıya gəlir
Futbol
21 Dekabr 2018 - 11:41
UEFA Avropa Liqası növbəti dəfə Bakıda futbol azarkeşlərini sevindirəcək.

Supersport.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, 2019-cu il, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində dünya şöhrətli argentinalı hücumçu Ernan Krespo UEFA-nın ulduz səfiri qismində dekabrın 23-də paytaxtımıza gələcək.
Həmin gün, saat 12:00-13:00-da UEFA Avropa Liqasına həsr olunmuş muzeydə Milan “İnter”inin heyətində 3 dəfə İtaliya çempionu olmuş E.Kresponun imza günü təşkil olunacaq. Muzey ziyarətçiləri imza günündə sabiq hücumçu ilə yaxından tanış ola, ondan imza ala, eləcə də foto çəkdirə biləcəklər.

Saat 13:00-da isə muzeydə Ernan Kresponun mətbuat nümayəndələri üçün brifinqi keçiriləcək.

Qeyd edək ki, Ernan Krespo İtaliyanın “Parma” klubunun heyətində UEFA Kubokunun 1998/99 mövsümünün qalibi olub. Onun adı 2004-cü ildə FIFA-nın 100 illik yubileyi münasibətilə Pele tərəfindən tərtib edilmiş həyatda olan 125 ən yaxşı futbolçunun siyahısında yer alıb.

Digər xəbərlər