Eksklüziv: Fariz Məmmədov erməni boksçunu İrəvanda döyüşə çağırdı - Video

Eksklüziv: Fariz Məmmədov erməni boksçunu İrəvanda döyüşə çağırdı - Video
Digər, Eksklüziv, Boks, Video
02 Noyabr 2018 - 00:05
Supersport.Az saytının əldə etdiyi məlumata görə, Azərbaycanın ilk, tanınmış peşəkar boksçusu Fariz Məmmədov Rusiyanı təmsil edən erməni idmançı David Avanesyana meydan oxuyub.

Döyüşkənliyi, mübarizliyi, qorxmazlığı ilə seçilən Avropa və dünya çempionumuz, çəkinmədən rəqibini İrəvanda döyüşə çağırıb. Bu haqda peşəkar boks qarşılaşmalarının təşkilatçısı Aleksey Titov məlumat verib.

Tanınmış promouter, Fariz Məmmədovun uğurlarını qabardaraq, iki il əvvəl karyerasını başa vurmasına baxmayaraq, yenidən rinqə qayıdıb erməni idmançıyla döyüşmək istədiyini bəyan etdiyini bildirib.

O, deyib ki, Fariz və David arasında razılaşma olsa da, hansısa səbəbdən qarşılaşma baş tutmayıb:

"Biz çox istəyirik ki, gələn il məhz İrəvanda möhtəşəm döyüş təşkil edək. Fariz, Azərbaycanın əsl döyüşçüsü, vətənpərvəri və peşəkar idmançısıdır. Biz onunla planımız haqda müzakirə apardıq. Allah eləsin, nəzərdə tutulan döyüş alınsın. David hansısa səbəbdən razılaşmasa, Farizə başqa erməni boksçu rəqib tapacağıq. Promouter olaraq mənim, idmançı olaraq Fariz üçün belə döyüşün məhz orda təşkili çox vacibdir".

Fariz Məmmədov Supersport.Az-a açıqlamasında erməni boksçuyla İrəvanda döyüşmək istədiyini təsdiq edib.

Xatırladaq ki, 38 yaşlı Farizin doğulduğu Ağdam rayonu da 26 ildir Ermənistanın işğalı altındadır.

Rusiyada doğulan 30 yaşlı David, WBA versiyası üzrə ikiqat dünya çempionudur. 9 ildir peşəkar boksda olan və şimal qonşumuzu təmsil edən bu idmançı 27 döyüşün 23-də qalib gəlib, 3 məğlubiyyət alıb, 1 qarşılaşmada isə sülhə razılaşıb.


 

 

Digər xəbərlər