Yunan-Roma güləşçilərimiz vətənə qayıdıb

Yunan-Roma güləşçilərimiz vətənə qayıdıb
Digər, Güləş
28 Oktyabr 2018 - 01:54
Supersport.Az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının son günlərində çıxış edən yunan-Roma güləşi üzrə yığmamız komanda hesabında 4-cü yeri tutub.

60 xal toplayan millimiz yalnız Rusiya (178), Macarıstan (83) və Türkiyədən (75) geri qalıb. Oktyabrın 29-da axşam saatlarında komandamız vətənə qayıdıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təntənəli qarşılama mərasimi keçirilib. İdmançıları güləş ictimaiyyəti – mütəxəssislər, veteran, yeniyetmə və gənc güləşçilər, eləcə də yığma üzvlərinin yaxınları və media nümayəndələri qarşılayıb.

Əvvəlcə millinin baş məşqçisi Şaban Donat dünya çempionatı və gələcək planlarla bağlı fikirlərini açıqlayıb: “Yarış yaxşı keçdi. Eldəniz Əzizli və Rəsul Çunayev öz sözünü dedi. 60-a yaxın ölkə arasında 4-cü yeri tutduq. Özümüzü gələn il keçiriləcək lisenziya xarakterli dünya çempionatına hazırlayırıq. Önümüzə baxacağıq. Daha çox işləyəcəyik. Səhvlərimizi nəzərdən keçirib, qarşıdakı analoji yarışda daha çox medal qazanmağa çalışacağıq”.

Dünya çempionu Eldəniz Əzizli (55 kq) də təəssüratlarını bölüşüb: “Avropa çempionu olandan sonra hədəfim dünya çempionatında eyni uğura imza atmaq idi. Allaha həmd olsun, dünya çempionu da oldum. Finaldakı rəqibim gənc idi. Ən çətin görüşüm Avropa çempionatında məğlub etdiyim gürcü güləşçiylə oldu. Onlar məni bu dəfə daha yaxşı analiz etmişdilər. Ona görə də bu görüş çətin keçdi. Buna baxmayaraq, qələbə qazana bildim. Bütün komanda olaraq gələn il keçiriləcək lisenziya xarakterli dünya çempionatına hazırlaşacağıq. Növbəti hədəf olimpiya çempionu olmaqdır. Növbəti yarışlarda daha yaxşı nəticə qazanmağa çalışacağıq”.

Bürünc medal qazanan Rəsul Çunayev (72 kq) isə bunları deyib: “Bütün dünyada güləş inkişafdadır. Bu səbəbdən ildən-ilə bizim üçün çətin olur. Çünki bizə qarşı xüsusi hazırlaşırlar. Avropa çempionatından sonra 4 ay müalicə oldum. Şaban hocaya və federasiyanın baş katibi Orxan Məmmədova minnətdarlığımı bildirirəm ki, mənim üçün Türkiyəyə sparrinq-rəqib göndərdilər. Dünya çempionatında hədəfim qızıl medal idi. Ancaq buna dözümlülük çatmadı. Buna baxmayaraq, iki dəfə uduzduğum iranlı rəqibimə qalib gəldim. Üçüncü yer uğrunda görüşdə isə Rusiya təmsilçisini məğlub etdim. Əsas odur ki, dünya çempionatından əliboş dönmədim. Bu medallar bacı-qardaş kimidir. Bərpa kursunu davam etdirəcəyəm. Olimpiadaya lisenziya qazanmaq üçün ciddi cəhdlə hazırlaşacağam”.

Digər xəbərlər