Həbib Nurmuhammədov 12 qat dünya çempionuyla döyüşə hazırdır

Həbib Nurmuhammədov 12 qat dünya çempionuyla döyüşə hazırdır
Digər, Boks
23 Oktyabr 2018 - 20:44
Supersport.Az-ın məlumatına görə, UFC-nin məğlubedilməz çempionu, döyüş sambosunda ikiqat dünya çempionu Həbib Nurmuhammədov 12 dəfə dünya çempionu, peşəkar boksçu Floyd Meyvezerlə döyüşə hazır olduğunu bəyan edib.

Meyvezer rinqdə artıq Konor Makqreqoru məğlub edib və Nurmuhammədovla qarşılaşmaq istəyir. Amerikalı boksçu irlandiyalı idmançını 10-cu raundda texniki nokautla üstələyib. 41 yaşlı Meyvezer həvəskarlar sırasında 90 döyüşün 84-də qalib gəlib, 6-da uduzub, peşəkar rinqdə isə məğlubedilməzdir: 50 qələbə!

Makqreqoru çökdürən Nurmuhammədov, Meyvezerə belə ismarıc göndərib:

"Gəl, Floyd! Mən döyüşməyə hazıram. 50-0, 27-0-a qarşı. Biz iki kişi heç vaxt məğlub olmadıq. İrəli! Niyə də yox? Cəngəllikdə bir kral var: mən".

Rusiya Boks Federasiyasının prezidenti Umar Kremlyovla şəklini paylaşan 30 yaşlı Həbib fikirlərini qeyd edib:

"Bu gün Rusiya Boks Federasiyasının baş katibiylə görüş oldu, Meyvezerlə döyüşün keçirilməsini müzakirə etdik. İstəyirik ki, Moskvanın "Lujniki" kimi möhtəşəm arenasında qarşılaşma baş tutsun. İnanırıq ki, 100 min azarkeş gələcək və canlı teleyayımın satışından dünya rekordu vurulacaq. Rinqin küncündə atam olacaq. Moskvada isə vizaya ehtiyac olmayacaq. Azarkeşlərimə sual verirəm: Siz mənə inanmırsınız? Hesab edirsiniz ki, o, məni boksda döyəcək?"

Ukraynalı Vasili Lomaçenko belə döyüşün təşkilinin boksa və bu idman növünün təmsilçilərinə hörmətsizlik olduğunu bildirib.

 

Digər xəbərlər