"Qarabağ"a sürpriz hazırlamağı düşünmürəm"

"Qarabağ"a sürpriz hazırlamağı düşünmürəm"
Futbol
18 İyul 2018 - 07:42
Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"la qarşılaşacaq "Olimpiya"nın baş məşqçisi İliya Stolika mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Serb mütəxəssis, əvvəlcə matç barədə fikirlərini bildirib.

– Bu mənim Bakıya ilk gəlişim deyil. Daha əvvəl Serbiyanın U-17 millisi ilə bura gəlmişəm. Bakı gözəl şəhərdir. Yenidən burda olmaqdan çox məmnunam. Burdakı hava şəraiti haqda onu deyə bilərəm ki, heç bir şikayətimiz yoxdu. Baxmayaraq ki, bir qədər rütubət var.

– İlk matç bir qədər cansıxıcı alınmışdı. Yenə həmin oyunu görəcəyik?

– Mövsümün ilk matçı üçün bunu xarakterik saymaq olar. Hər iki komanda taktiki cəhətdən oxşar oynayırdı. Buna görə də bir qədər cansıxıcı görünə bilər. Bu səviyyədə bir səhv hər şeyi dəyişdirə bilər. Məncə, ilk matçda məğlub olmalı deyildik. Hesab oyuna görə olmamışdı.

– İlk oyunda qırmızı vərəqə alan İssa Abassın yoxluğu komandaya necə təsir edəcək? Bir də ilk matçda kapitanınız meydana çıxmamışdı…

– Hər iki futbolçu komanda üçün çox önəmlidi. Ancaq biz 11 futbolçu ilə meydana çıxacağıq. Alternativləri fikirləşməliyik. Kapitanın daha əvvəldən zədəsi var idi. Bizimlə məşq etsə də, meydana çıxıb-çıxmayacağı oyun saatı məlum olacaq.

– İlk matçdan sonra İssa Abbasın qırmızı vərəqə aldığı epizodla bağlı demişdiz ki, orda elə də ciddi qayda pozuntusu yox idi. Epizodun təkrarına yəqin ki, baxmısınız. İndi necə düşünürsünüz?

– Mənim fikrimlə bir şey dəyişmir. Ona görə bu barədə fikirləşmək istəmirəm. Həmin epizodu unudub, İssanın yoxluğunda yaxşı oynamağa çalışacağıq.

– "Qarabağ"ın hansı oyunlarını izləmisiniz və cavab matçında rəqibə hansısa sürpriz hazırlamısınız?

– Bütün yoldaşlıq oyunlarına baxmışıq. Təbii ki, rəsmi oyunlar fərqlidir. Rəqibə sürpriz hazırlamağı düşünmürəm. Sadəcə öz oyun üslubumuzu qorumağa çalışacağıq. Taktiki planda ən yaxşı formada oynamağa və mümkün olan ən yaxşı şeyi etməyə çalışacağıq.

– Növbəti mərhələ şansları barədə nə deyə bilərsiniz?

– Sübut etməliyik ki, yaxşı komandayıq. Çalışacağıq, şansımız son saniyəyə kimi davam etsin.

Digər xəbərlər