Kənan Hacıəkbəroğlu: "Çox istərdik ki, övladımız bayrağımız altında çıxış etsin"

Kənan Hacıəkbəroğlu: "Çox istərdik ki, övladımız bayrağımız altında çıxış etsin"
Digər, Gimnastika
19 May 2018 - 19:21

İsveçdə yaşayan azərbaycanlı mühacir Kənan Hacıəkbəroğlunun övladı İsmayıl Rüstəmli gimnastika üzrə İsveç Kubokunda uğurlu çıxış edib. Yarışda 60-dan çox müxtəlif yaş qruplarından idmançılar mübarizə aparıb. İ.Rüstəmli üçüncü yeri tutaraq bürünc medala sahib çıxıb. İsmayıl 10-12 yaşlılar arasında bu nəticəni göstərib. İdmançının məşqçisi Ahmed Adlydir.


Mütəxəssislərin fikrincə, İsmayıl istedadlı gimnastdır və gələcəyi parlaqdır. O, 4 yaşından gimnastikanı seçib.

K.Hacıəkbəroğlu, supersport.az-a açıqlamasında oğlunun çıxışına toxunub:

"Azərbaycanda olarkən babası müntəzəm olaraq oğlum onu idmana aparırdı. Biz mühacir həyatı yaşayandan sonra oğlum burada da gimnastika ilə məşğuldur. Yarışdan 7 ay əvvəl qolu çıxmışdı. Çox ağır zədə vardı. Hətta yarışa çıxmaq ehtimalı bəlkə də sıfır idi. Amma Allah bizə kömək oldu, oğlum bu yarışa iştirak edə bildi. Uğur qazanacağına çox inanırdı. Bunun nəticəsində nailiyyət əldə etdi".

İsmayıl, İsveç millisinin heyətinə düşüb.

"Övladım millidə də çıxış edəcək. İnanıram ki, yığma komanda da uğurlu nəticələr qazanacaq. Vətəndən uzaqda olub ölkənin şərəfini qaldırmağın, bayrağını dalğalandırmaq tam fərqli hissdir. Vətəndən kənarda yaşamaq çox çətindir, ancaq biz buna öyrəşmişik. Hər kəs haqqını halal etsin. Ən böyük arzularımdan biri də odur ki, İsmayıl olimpiadada iştirak edib uğur qazansın" deyən K.Hacıəkbəroğlu, oğlunun Azərbaycan millisinin şərəfini qorumasını istəyir:

"Ata kimi özümü çox qürurlu hesab edirəm. Allah bu hissi olmayanlara bəxş etsin. Bütün valideynlərə bunu yaşamağı arzulayıram. Artıq o qürurun bir damcısını dadmışam. İnanın ki, keçirdiyim hissləri sözlə ifadə etmək çox çətindir. Ən çox sevinən onun babasıdır. İsmayıl babasının yolunu davam etdirir. Əmisi vaxtı ilə SSRİ məkanında Azərbaycan bayrağını qaldırıb. Qardaşımın şəhidlik zirvəsinə yüksəldiyi gündə İsmayıl bu uğuru qazandı. Sevincimin həddi-hüdudu yoxdur. Babası yarışı skype ilə canlı izləyirdi. O da çox sevindi. Biz çox istərdik ki, övladımız Azərbaycan bayrağı altında çıxış etsin. Burada da İsmayıl ölkəmizin bayrağını bütün geyimlərində daşıyır, paltarlarına "Azərbaycan", "Qarabağ" yazdırıb. Azərbaycanlı olmağımızla fəxr edirik".

Azərbaycanlı mühacir, torpaqlarımızın erməni işğalından azad edəcəklərinə əmin olduğunu vuğulayıb:

"İnşAllah tezliklə torpaqlarımızı işğaldan azad edəcəyik. Nə zamansa bunun üçün müharibə olsa, biz o zaman Azərbaycandayıq. Dövlətimizin adını yüksəltmək, onu qorumaq hər birimizin borcudur. İnanıram ki, dünyanın istənilən yerində yaşayan azərbaycanlılar Azərbaycan adını yaşatmaq üçün sona qədər çalışacaqlar. Allah bundan sonra İsmayıla yardımçı olsun  ki, daha böyük uğurlar qazansın, xalqımızı sevindirsin, Azərbaycan adını yüksəklərə qaldırsın. Oğlum bu uğurunu xalqımıza ərməğan edir".


Digər xəbərlər