Firdovsi Umudov: Bayrağı bu cür yüksəldərlər...

Firdovsi Umudov: Bayrağı bu cür yüksəldərlər...
Digər, Güləş
09 Aprel 2018 - 18:24
Yığma komandamız Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudovun rəhbərliyi ilə ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışına qatılıb. Daim bayrağımızı yüksəltmək, himnimizi səsləndirmək üçün vuruşan güləşçilərimiz bu dəfə də idmansevərləri sevindiriblər. Nəticədə Dünyanın nəhəng ölkələri arasında mübarizə aparan Azərbaycanın sərbəst güləş üzrə milli komandası fəxri kürsünün ikinci pilləsinə sahib çıxıb. İdmançılarımız bu qələbəni söz verdikləri kimi, aprel döyüşlərində şəhid və qazi olan əsgərlərimizə həsr ediblər.

Firdovsi Umudov ABŞ-da qazanılan qələbəni belə şərh edib:

"Dünyanın ən nəhəngləri ilə döyüşüb, ikinci yeri tutmaq özü böyük uğurdur. Amma biz özümüzü birinci yerin sahibi kimi hiss edirik. Zədəli idmançılara və müəyyən basqılara baxmayaraq sonuna qədər mübarizə aparıb bayrağımızı dalğalandırmağı bacardıq. Nəticədə Azərbaycan aprelin 7-8-də ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kubokunda ikinci yeri qazandı.
Biz də öz növbəmizdə prezidentin bizə göstərdiyi etimadı doğrultmaq üçün mübarizə apardıq. Söz verdiyimiz kimi, qələbəmizi 2016-cı ilin aprel ayında vətən uğrunda şəhid və qazi olmuş qardaşlarımıza həsr etdik.

Bayrağı bu cür yüksəldərlər. Həmişə olduğu kimi, bu dəfə də Azərbaycanın inkişafını və gücünü öz qələbəmizlə sübuta yetirə bildik. Dünyanın nəhəng ölkələri arasında yer almaq özü böyük uğurdur. Təbii ki, bizi başqa yarışlar da gözləyir. Biz daim ölkə başçısının diqqət və qayğısını öz üzərimizdə hiss etmişik".

Digər xəbərlər