Supersport.Az-ın məlumatına görə, İspaniya La Liqasının lideri “Barselona” rekorda imza atıb.
Kataloniya klubu 31-ci turda “Leqanes”i qəbul edib. Messinin 3 qolu ilə matçı qalib bitirən “Barselona” məğlubedilməzlik seriyasını 38 matça çıxarıb və “Real Sosyedad”ın 1979-80-ci il mövsümündə qırdığı rekordu yeniləyib.
Çempionluq yolunda böyük üstünlük əldə edən “Barsa” bu qələbəylə turnir cədvəlindəki xalını 79-a çatdırıb.
Messiyə gəlincə, bu mövsüm liqada 29 qol vuran ulduz qol krallığı yarışında liderliyini qoruyub. Onu hərəyə 22 qolla Luiz Suarez və Kriştiano Ronaldo izləyir.