"Qarabağ"ın rəsmisi Asif Əsgərov: "Öyrəndiklərimiz öyrənə biləcəklərimizin yanında heç nədir"

"Qarabağ"ın rəsmisi Asif Əsgərov: "Öyrəndiklərimiz öyrənə biləcəklərimizin yanında heç nədir"
Futbol, Eksklüziv, Tribuna, Foto
02 Aprel 2018 - 04:30
"Real Madrid"lə "Bayern" uğurlarını qabartmır"

"Qarabağ" üç ilə yaxındır ki, Avropa Klubları Birliyinin (ECA) üzvüdür.
Beynəlxalq ali futbol qurumları 10 ildir ki, fəaliyyət göstərən ECA-nın işini yüksək qiymətləndirir. Avropa Klubları Birliyində ümumilikdə 230 klub yer alır.  
"Qarabağ"ın baş meneceri Asif Əsgərov ECA-da peşəkar fəaliyyəti ilə diqqət çəkir.
Beşqat ölkə çempionunun nümayəndəsi, Avropa qurumunun klub idarəçiliyi haqda proqramını uğurla başa vuraraq sertifikatla təltif edilib.
Bundan başqa, 37 yaşlı baş menecer ECA-nın Yarış İşçi Qrupunda (Competition Working Group) üzv və büro katibidir. 49 nəfər sırasından işçi qrupuna seçilən 6 şəxs arasında Azərbaycandan “Qarabağ”ın rəsmisi Asif Əsgərovun da yer alması sevindirici məqamdır.
Yarış İşçi Qrupunda "Real Madrid"dən Emilyo Butragenyo, PAOK-dan Luqoş Mixel, "Qalatasaray"dan Cenk Ergün, "Yuventus"dan Ruzo Lombardo, "Malmö"dən Nikas Karlsson da yer alır.
Bu günlərdə Romada Avropa Klublar Birliyinin Yarışların Təşkili İşçi Qrupunun növbəti iclası keçirilib.
Toplantıda İşçi Qrupunun rəhbəri, "Roma" klubunun CEO-su Umberto Qandini, rəhbərin birinci köməkçisi "Real Madrid"in idman direktoru Emilyo Butragenyo ilə yanaşı Azərbaycandan komitələrdə təmsil edilən yeganə nümayəndəmiz, komitənin həm də büro katibi, "Qarabağ"ın baş meneceri Asif Əsgərov iştirak edib.

Supersport.Az beşqat ölkə çempionunun rəsmisi Asif Əsgərovdan müsahibə alıb.

- Asif bəy, ilk olaraq Avropa Klublar Birliyinin 10 illik fəaliyyətindən başlayaq. Bu qurum ötən müddətdə hansı işləri görüb?

- 2008-ci ilin yanvarında ECA-nı təsis edənlər klubların sözünü deyəcək vahid qurum yaratmaq qərarına gəliblər. Məqsəd klubların hüquqlarını müdafiə etmək və fikirlərini UEFA-ya çatdırmaqdır.

- Beynəlxalq ali futbol qurumları ilə ECA arasında gərginlik olduğu bildirilir...

- Mən belə düşünmürəm. ECA əvvəlcə tövsiyə verən qurum olaraq fəaliyyətə başlasa da, son illər çox böyük yol qət edərək, Avropa ali futbol təşkilatında da nüfuz qazanıb, özünə yer edib. Hətta FİFA və UEFA prezidentləri klubların istəkləri nəzərə alınaraq, qərar veriləcəyini bəyan edib. Ötən il ECA-nın iki rəsmisi UEFA-nın İdarə Heyətinə seçilib. Beynəlxal futbol qurumların rəhbərliyinin ECA barədə müsbət fikirlər bildirməsi də sübut edir ki, Avropa Klublar Birliyinə böyük əhəmiyyət verilir. UEFA şərait yaradır ki, ECA klubların problemlərini qabardıb, çıxış yollarını göstərsin və bunun nəticəsində klublarla Avropa ali futbol qurumu arasında narazılıq yaranmasın. Son iclasda Avrokubok yarışlarının təşkili, oyunlarının başlama vaxtları və digər məsələlər müzakirə olundu.

- ECA kimi nüfuzlu qurumda fərqlənməyinizi üstünlük hesab edirsinizmi?

- Bunu böyük uğur hesab etmirəm. Bu qurumda mən yox, başqa şəxs də ola bilərdi. Əsas odur ki, Azərbaycan futboluyla bağlı və ya verdiyimiz təkliflər əsasında UEFA ilə ECA-da müsbət qərarlar verilisin. Digər tərəfdən, bildirməliyəm ki, Avropa Klublar Birliyinin işçi qrupunda “Mançester Siti” kimi komandaların yox, “Qarabağ”ın nümayəndəsinin seçilməsi sözümüzü demək baxımından müsbət məqamdır. İşçi qruplarının işi müsbət və mənfi cəhətləri müəyyənləşdirmək, çıxış yollarının tapılmasından ibarətdir.
ECA-nın assambleyasına gəlincə, 10 illik fəaliyyətində ildə iki dəfə keçirilir, son olaraq 20-cisi baş tutdu. Bu qurumda klubların sayı nəzərəçarpacaq qədər artıb: 230. Bunlardan 109-u əsas üzv, 121-i assosiativdir.

- Avropa Klublar Birliyində olmağın klublarımıza faydaları varmı?

- Avropa futbol ailəsində olmaq vacibdir, hətta deyərdim ki, məcburidir. Yalnız çempionatda mübarizə aparmaq, qitə yarışlarında iştirakla iş bitmir. Avropa futbol ailəsində uğurun sirlərinə bələd olmaq, yiyələnmək, keçdiyi yola nəzər salmaq mühümdür. Qitə klublarının təcrübəsindən imkanlara uyğun yararlanmaq lazımdır.
ECA-da reytinqi ən yüksək olanlardan ən çox - 4 klub, ikinci bölümdə yer alanlardan 3 klub səs verə bilər. Azərbaycan əvvəlcə 4-ü bölümdə olduğu üçün bir səsvermə hüququna malik idi. İndi isə vəziyyət müsbətə doğru dəyişib. Üçüncü bölümə qalxdığımız üçün "Qarabağ"dan sonra "Neftçi" də səsvermə hüququna malik oldu. "Qəbələ"yə gəlincə, assosiativ üzvdür.

- Futbolumuzun əsas problemlərindən biri klub idarəçiliyi ilə bağlıdır. ECA-nın mütəxəssisi olaraq məsləhətiniz...

- Məsləhət yox, fikrimi bildirə bilərəm. Söhbət təkcə idarəçilikdən getmir. Hər birimiz öz sahəmizdə daha çox elm, biliyə sahib olmağa, öyrənməyə çalışsaq, hərtərəfli inkişaf edərik, irəli gedərik. İstər futbol, istərsə də başqa sahələr olsun.

14 ildir "Qarabağ" klubundan çalışıram. Deyə bilərəm ki, öyrəndiklərimiz öyrənə biləcəklərimizin yanında heç nədir. Buna görə də daim çalışmalıyıq. Yaradılan şərait nəticəsində Avropaya çıxırıq. Qitə təcrübəsini klubda uyğun tətbiqini həyata keçirməklə faydalarını görə bilərik. Avropalıların bir üstün cəhəti odur ki, daim çatışmayan cəhətlərini deməyə çalışırlar. İstər "Real Madrid", istər "Bayern" kimi klublar olsun, heç vaxt uğurlarını qabartmırlar. İlk növbədə bu sadəliyi özümüzə tətbiq etməliyik. Uğurlarımızı kölgə kimi üzərimizə salmayaq, çatışmazlıqlardan çıxış yolu axtaraq.

- AFFA-nın Klublar Komitəsinin fəaliyyəti ilə bağlı da danışmağınızı istərdik. Bu qurumu zəif çalışdığı bildirilir…

- Komitənin qurulmasında məqsəd klubların problemlərinin qabardılıb həll olunması üçün AFFA, PFL və digər təşkilatlar qarşısında çıxış etmək imkanıdır. Bu qurumun fəaliyyətini uğurlu hesab edirəm. Bəzi təkliflərimiz İcraiyyə Komitəsində qaldırılıb, müsbət həllini tapıb. Müxtəlif fikirlər, baxış bucağı ola bilər. Əsas odur ki, ortaq məxrəcə gəlib problemlər yoluna qoyulsun.

- "Qarabağ" klubu niyə indiyə qədər komitə rəhbərliyində təmsil olunmayıb?

- Klub rəhbərliyimiz bunu məqsədəuyğun hesab etməyib. Namizədliyimizi versəydik, rəqabət apara bilərdik. Son dəfə dəstək verdik “Neftçi”nin prezidenti Kamran Quiyev komitə sədri seçildi. Bu şəxs işinin peşəkarıdır və uğurlar arzulayırıq.

- Komitədə premyer liqada klubların az olması məsələsi müzakirə olunubmu?

- Bəzi subyektiv və obyektiv səbəblər var. Azərbaycanda İngiltərədə olduğu kimi 20 komandadan ibarət çempionatın keçirilməsini desək, real deyil. Bunu nəzərə almaq lazımdır. Arzu edirik ki, gələcəkdə komandaların sayı artsın.

Anar Cəfərsoy

Digər xəbərlər