Beyləqan Olimpiya İdman Kompleksinin təməli qoyulub

Beyləqan Olimpiya İdman Kompleksinin təməli qoyulub
Olimpiya, Digər
27 Mart 2018 - 17:26
Beyləqan rayonunda yeni Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi keçirilib.

Supersport.Az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, deputat Şahin İsmayılov və digər rəsmilər iştirak ediblər.

Tədbirdə çıxış edən  A.Rəhimov bildirib ki, ölkə üzrə sayca 45-ci olan Beyləqan Olimpiya İdman Kompleksində 1000-ə yaxın tamaşaçı tutumu olan tribuna, müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal idman zalı, güləş zalı, boks zalı, qrup məşqləri və trenajor zalı, 180 tamaşaçı tutumu olan tribunası və 24x12 olçüdə üzgüçülük hovuzu olan üzgüçülük zalı inşa ediləcək: “Bu gün ölkəmizdə 43 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bir müddət bundan öncə Tərtərdə sayca 44-cü Kompleksin təməli qoyuldu. Bu il Lənkəran Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, Goranboy və Neftçala rayonlarında növbəti Olimpiya İdman Kompleksinin tikintisinə başlanılıb. Yardımlı rayonunda isə İdman Kompleksinin tikintisi davam etdirilir”.

Beyləqan Olimpiya İdman Kompleksinin hazırlanmış baş planına əsasən, ərazidə 1250 nəfərlik tamaşaçı tribunası olan futbol stadionu, süni örtüklü qaçış zolağı, mini-futbol meydançası inşa ediləcək. Bundan başqa, Kompleksin enerji təchizatını təmin etmək üçün transformator yarımstansiyası, generator məntəqəsi, istilik qazanxanası və nasosxana binası, içməli və yanğına qarşı ehtiyat su anbarları tikiləcək. Həmçinin Kompleksin müasir tələblərə cavab verən kondisioner, havalandırma, isitmə, yanğın xəbərverici siqnalizasiya, rabitə, video müşahidə, səs və digər sistemlərlə, müasir idman avadanlıqları, mebel, ləvazimatlar və digər inventarlarla təchiz olunması, eləcə də müstəqil sahəxarici elektrik, qaz, su-kanalizasiya və rabitə kommunikasıya xətlərinin çəkilməsi nəzərdə tutulur. (report)

Digər xəbərlər