Supersport.Az-ın məlumatına görə, isveçrəli tennisçi Rojer Federer mötəbər “Australian Open” turnirinin qalibi olub.
36 yaşlı tennisçi finalda xorvatiyalı Marin Çiliçi məğlub edib. Oyun 3-2 (6-2, 6-7, 6-3, 3-6, 6-1) hesabı ilə dünyanın ikinci raket ustasının xeyrinə başa çatıb. Final matçı 3 saat 3 dəqiqə davam edib.
Yarışın ümumi mükafat fondu 43 milyon dollardır. Federer “Böyük dəbilqə” turnirlərində 20-ci qələbəsini qazanaraq rekordçudur.
Qeyd edək ki, ötən il Uimbldonda “Böyük dəbilqə” seriyasının finalında da R. Federer xorvatiyalı idmançını məğlub edib.
İsveçrəli tennisçi, Avstraliya yarışında 6, Uimbldon turnirində 8, ABŞ yarışında 5 və Fransada 1 dəfə qalib adını qazanıb.
36 yaşlı Federer, karyerasında 96-cı dəfə fərdi yarışda çempion olub.
“Böyük dəbilqə” turnirlərinin ən çox qalibləri:
1. Rojer Federer (İsveçrə) – 20 çempionluq
2. Rafael Nadal (İspaniya) – 16
3. Pete Sampras (ABŞ) – 14
4. Roy Emerson (Avstraliya) – 12
5.Novak Çokoviç (Serbiya) – 12
6. Rod Laver (Avstraliya) – 11
7. Björn Borq (İsveç) – 11
8. Bill Tilden (ABŞ) – 10