Baş katibin boş əməlləri - Elxan Məmmədov qovula, Rəşad Sadıqov gətirilə bilər

Baş katibin boş əməlləri - Elxan Məmmədov qovula, Rəşad Sadıqov gətirilə bilər
Futbol, Tribuna, Yazarlar
05 Noyabr 2017 - 00:37
AFFA-nın fəaliyyətində ciddi nöqsanlar olması qurumda islahatlar aparılmasını labüd edir.

Məsələ burasındadır ki, ölkə futboluna əsas cavabdehlik daşıyanlardan biri olan federasiyanın baş katibi Elxan Məmmədov bu sahəni biabırçı vəziyyətə qoyub.

Son günlər AFFA ətrafında baş verən qalmaqallı hadisələr E.Məmmədovun iç üzünü ortaya qoydu. Məmmədovun əsas kadrlarından biri, çirkin əməllərlə məşğul olmaqda ittiham olunan "əl buyruqçusu" Mikayıl Quluyevin (Mikayıl Nərimanoğlu) AFFA-dan, "Kəpəz"dən qovulması vəziyyətin kritik olmasından xəbər verir. Hərçənd ki, baş katib hər vəchlə ictimai fikri yayındırmağa çalışır və durumun bu həddə olmadığını bildirir. Federasiyanın keçmiş mətbuat xidməti Gəncə klubunda maliyyə yeyintisində günahlandırılır. Baş katib Quluyevin fəaliyyətindən narazı olduqlarını, buna görə kənarlaşdırıldığını bildirsə də, növbəti dəfə məntiqsiz addım atıb. E.Məmmədov, utanmadan M.Quluyevin komitələrdən birində koordinator kimi çalışacağını deyib. Bəli, belə məntiqsiz qərarı yalnız Məmmədov kimiləri verə bilər. Necə olur ki, maliyyə fırıldağında təqsirli bilinən, AFFA və klubdan qovulan birisinə yenidən iş verilir?! Bu onu göstərir ki, baş katib mənasız və heç bir çərçivəyə sığmayan qərarlar verməklə yenə özünü gülünc vəziyyətə salıb. Sualllar çoxdur: Məmmədov hər iki qurumdan qovulan şəxsə niyə yenidən iş verir? Onun hansı marağı var? Bəlkə kimdənsə çəkinir? Və ya Quluyev tərəfindən hansı əməllərlə məşğul olmasının bəyan və ifşa ediləcəyindən qorxur? Bərbad fəaliyyətinə görə kənarlaşdırılan, öz maraqlarını hər şeydən üstün tutan Quluyevin futbolumuza hansı faydası dəyəcək?

Proseslərin gedişi E.Məmmədovun uçuruma doğru getdiyini göstərir.

Bu həmin baş katibdir ki, yığmalara əcnəbi məşqçiləri dürtməklə pulları havaya sovuraraq onlara milyonlar qazandırıb. Bəlkə də bu sahədə özünü də yaddan çıxarmağı unutmayıb. Həmin çalışdırıcılardan biri,  vaxtilə AFFA-nın sevimlisi olan Foqts, Azərbaycanı nağıllar ölkəsinə bənzədərək qurumun bəzi rəsmilərini "ağılsız, dəli" adlandırıb.

Baş katibin "Niyə də yox" nağılı bitdi. Bir müddət sonra Prosineçki də ölkəmizin əleyhinə danışsa, təəccüblənməyin.

Milli komandaya əcnəbi deyil, yerli mütəxəssisin gətirilməsi Elxan Məmmədovun yarıtmaz fəaliyyətinə "balta" vurulması deməkdir. Avropada adından söz etdirən Qurban Qurbanov peşəkarlığı, əməyi ilə AFFA-nı bu təyinata məcbur etdi. Q.Qurbanovun milliyə gətirilməsi baş katib E.Məmmədova sərf etmir. Artıq Məmmədovun dövrü bitdi: bundan sonra geydirmə futbolçular milliləşdirilməyəcək, yığmaya sifarişlə oyunçular dəvət olunmayacaq, layiq olanlar kimlərinsə maraqları ucbatından kənarda qalmayacaq, mənasız təlim-məşq toplanışları adı ilə ciblərə pullar axmayacaq.

Bir məqamı da xüsusi qeyd edək ki, Q.Qurbanov yığmaya baş məşqçi təyin olunarkən E.Məmmədovun üz cizgilərində məyusluq açıq-aşkar görünürdü.

Vaxtilə çempionatda 26 komanda mübarizə apardığı halda, indi 8 klub mübarizə aparır, regionlarda futbol biabırçı vəziyyətdədir. "Neftçi" və "İnter"i də ağır duruma salıblar. Yeganə sevindirici məqam "Qarabağ"ın ölkəmizi Avropada layiqincə təmsil etməsiylə bağlıdır. "Qəbələ"nin də qitə yarışlarında uğurlarını yaddan çıxarmaq olmaz.

Bu klublara da mane olmağa çalışan E.Məmmədov kimi adamlar futboldan təmizlənmədikcə bu sahədə inkişaf olmayacaq.

Supersport.Az-ın əldə etdiyi məlumata görə, yaxın vaxtlarda AFFA-da ciddi dəyişiklik ediləcəyi gözlənilir.

Bildirilir ki, baş katibin və bəzi kadrlarının fəaliyyəti qurum prezidenti Rövnəq Abdullayevi narahat edir. Elxan Məmmədovun istefaya göndəriləcəyi, əvəzinə millidən ayrılan "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun gətiriləcəyi haqda xəbər verilib.

Q.Qurbanovun milliyə gətirilməsi, R.Sadıqovun AFFA-ya baş katib təyin olunacağı, həm futbolumuzun xeyrinə olar, həm də maliyyənin boşuna xərclənməsinə son qoyular.

Bu məqamda R.Sadıqovun futbolda idarəçi olmaq istədiyini, "mən getdiyim yerdə yeyinti olmayacaq" fikrini xatırlatmaq da yerinə düşərdi.

Anar Cəfərsoy

Digər xəbərlər