Zorxana yarışında millimizdən gümüş medal

Zorxana yarışında millimizdən gümüş medal
İslamiada-2017, Digər, Foto
20 May 2017 - 22:17
Mayın 20-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının zorxana yarışlarına start verilib. Azərbaycan komandası yarışların birinci günündə gümüş medala sahib olub.

Supersport.Az xəbər verir ki, “Baku Crystal Hall”da keçirilən yarışlarda kişi idmançılar komanda hərəkətləri üzrə bacarıqlarını nümayiş etdiriblər. Yarışda doqquz ölkə – Azərbaycan, Əfqanıstan, Banqladeş, İran, İraq, Qırğızıstan, Pakistan, Tacikistan və Uqanda milliləri mübarizə aparıb. Yarışda qızıl medalı İran, bürünc medalları isə Əfqanıstan və İraq komandaları qazanıblar.

Qalib komandaların mükafatlandırılması mərasimində idmançılara medalları İslam Həmrəyliyi İdman Federasiyasının icraiyyə komitəsinin üzvü, Beynəlxalq Zorxana Federasiyasının prezidenti Bəhram Əfşarzadə təqdim edib.

Yarışların ikinci günündə - mayın 21-də idmançılar səngi, milbazi, çərxi-tiz, kəbbadə, milsəngin və çərxi-çəməni üzrə fərdi çıxışlarda məharətlərini göstərəcəklər.

Zorxana iki sözün birləşməsindən ibarət olub: “zor”- güc, “xana”- ev, yəni “güc evi” deməkdir. Yarışlar mürşidin ifa etdiyi ritmik musiqinin sədaları altında keçirilir. Mürşid zərb aləti ilə zorxana ritmlərini ifa edən şəxsə deyilir. O, sərdəm deyilən yerdə oturur. Qapı “sərdəm”ə gedən dar və alçaq keçidə açılır. Sərdəm 1 və ya 1,5 metr hündürlüyündə olan taxtdır.

Zorxana alətləri qədim silahların formasında hazırlanıb. Səng aləti qalxana, mil əmud, toppuz və qılınca, kəbbadə kamana bənzəyir. Şeno aləti isə üzərində jim hərəkətlərinə oxşar məşqləri etmək üçündür.

İdmanın bu növü 2013-cü ildən İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilib. (azərtac)

Digər xəbərlər