İslamiadada karateçilərin zəfəri: 5 qızıl, 2 gümüş və 3 bürünc medal - Foto

İslamiadada karateçilərin zəfəri: 5 qızıl, 2 gümüş və 3 bürünc medal - Foto
Karate, İslamiada-2017, Digər
14 May 2017 - 23:10
Supersport.Az-ın məlumatına görə, IV İslam Həmrəyliyi Oyunlarının karate yarışının ikinci günündə idmançılar kumite və kata üzrə mübarizə aparıblar.

Supersport.Az-ın məlumatına görə, təmsilçilərimizdən İrina Zaretska, Ayxan Mamayev və Roman Heydərov qızıl, Fəridə Əliyeva gümüş, Asiman Qurbanlı isə bürünc medal qazanıb.

Kumite yarışlarında qadınlardan Azərbaycanı İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq), kişilərdən Ayxan Mamayev (-84 kq) və Asiman Qurbanlı (+84 kq) təmsil ediblər. Karatenin kata yarışlarında isə ölkəmizin təmsilçiləri qadınlarda Neda Rezei, kişilərdə Roman Heydərov olub.

Yarışın dörddəbirfinal mərhələsində İ.Zaretska Misir təmsilçisi Nada Muhammedi 4:3, yarımfinalda iranlı Behnoş Najafiqhaqhelestanini 3:0 hesabı ilə məğlub edib. O, finalda türkiyəli Eda Eltemuru 3:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb. Misir təmsilçisi Nada Muhammed və iordaniyalı Hala Traiş bürünc mükafata sahib çıxıb.

Kumite yarışlarında mübarizə aparan Ayxan Mamayev səkkizdəbir finalda iordaniyalı Sayan Mahmuda 7:1, dörddəbir finalda əlcəzairli Mauad Açhaçeyə 5:3, yarımfinalda özbəkistanlı Abdüləziz Ataboyevə 3:1 hesabı ilə qalib gəlib. Ayxan Mamayev finalda türkiyəli Alparslan Yamanoğlunu məğlub edərək (1:0) İslamiadanın çempionu olub. Özbəkistanlı Abdüləziz Ataboyev və misirli Muhammed Elkotbu üçüncü yeri tutub.

Kata yarlarında Roman Heydərov səkkizdəbir finalda İndoneziya idmançısı Əhməd Yudanı (4:1), dörddəbir finalda iranlı Şahyerdi Əbolfazini (3:2), yarımfinalda Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Xəlifə Əlabarı (5:0) hesabı ilə məğlub edib. Roman Heydərov finalda türkiyəli Mehmet Yakadan üstün olara (3:2) qızıl medala yiyələnib. Bu yarışlarda bürünc mükafatları misirli Zeyad Muhammed və iranlı Şahyerdi Əbolfazi qazanıblar.

Kumite yarışlarında Azərbaycan idmançısı Fəridə Əliyeva dörddəbir finalda əlcəzairli Atif İmeneni, yarımfinalda pakistanlı Nargis Nargisdən üstün olub – 1:0. İdmançımız finalda türkiyəli Meltem Hocaoğluna 2:6 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib. Əlcəzair təmsilçisi Atif İmene və iranlı Mohadaseh Ağaei bürünc medal əldə ediblər.

Kumite yarışlarında Azərbaycan idmançısı Asiman Qurbanlı dörddəbir finalda Pakistan təmsilçisi Ramzan Məhəmmədi 5:1 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. O, yarımfinalda iranlı Sayad Qanzadeyə 4:5 hesabı ilə məğlub olub. Asiman Qurbanlı bürünc medal uğrunda görüşdə rəqibi Səudiyyə Ərəbistanı təmsilçisi Tareq Hamediyə 4:2 hesabla qalib gəlib. Bu çəki dərəcəsində qızıl medalı iranlı Sayad Qanzade, gümüş medalı isə Türkiyə təmsilçisi Enes Erkan qazanıb.

Xatırladaq ki, karateçilərimiz yarışın birinci günündə – mayın 13-də beş medal əldə ediblər. Rafael Ağayev və Fəridə Abiyeva qızıl, İlahə Qasımova gümüş, Nuranə Əliyeva və Firdovsi Fərzəliyev isə bürünc medal qazanıblar.

Bununla da Azərbaycan karateçiləri IV İslam Həmrəyliyi Oyunlarını 5 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurublar.

Digər xəbərlər