İslamiadaya Amerikadan maraq

İslamiadaya Amerikadan maraq
İslamiada-2017, Digər, Eksklüziv
30 Aprel 2017 - 19:17










Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarına medianın böyük marağı var.

İslamiadanı işıqlandırmaq üçün 34 ölkədən 999 mətbuat nümayəndəsi müraciət edib. Qeydiyyat prosesinə yanvarın 16-da start verilib. Əvvəlcədən martın 31-i sonuncu qeydiyyat günü kimi nəzərdə tutulsa da, sonradan yerli və xarici media nümayəndələrinin müraciətinə əsasən bu müddət aprelin 9-dək uzadılıb.



Supersport.Az saytına İslamiadanın media əməliyyatları şöbəsinin rəhbəri Kamran Talıbov belə məlumat verib.


K.Talıbovun sözlərinə görə, müraciətlərin 252-si beynəlxalq, 747-si isə yerli mətbuat orqanları tərəfindən qeydə alınıb. Bunlardan 673-ü yazılı mətbuat, 204-ü fotomüxbir, 122-si isə rəsmi yayım hüququ olmayan televiziya kanallarının operatorlarıdır. Aprel ayına qədər 999 media nümayəndəsindən müraciət daxil olub.


Türkiyə, Səudiyyə Ərəbistanı, Əlcəzair, İran və Pakistandan olan media nümayəndələri üstünlük təşkil edirlər. IV İslam Həmrəyliyi Oyunlarını işıqlandırmaq üçün ABŞ, Almaniya, Niderland, Polşa, Böyük Britaniya, Rusiya, Fransa, Latviya və Gürcüstandan da müraciətlər daxil olub.


"Hazırda müraciətlərə baxılır. Biz artıq son mərhələdəyik. Türkiyə, Səudiyyə Ərəbsitanı, Əlcəzair media nümayəndələri daha çox fəallıq göstəriblər. Müraciət edənlərdən online saytlar, yazılı mətbuat, fotoqraflar və rəsmi yayım hüququ olmayan operatorlar üstünlük təşkil edir. Hər ölkədən rəsmi hüquqi olan bir telekanal var. Yenilik ondan ibarətdir ki, akkreditasiya alan yerli mətbuat üçün hər gün sms xidməti nəzərdə tutmuşuq. Belə ki, onlar yarışlarla bağlı, avtobus cədvəli, sabah idman obyektləri, hər hansı idman yarışlarında medalı kimin təqdim edəcəyi haqda məlumat alacaqlar, eyni mesajlar xarici media nümayəndələrinin email ünvanına göndəriləcək.

 


Xarici ­media nümayəndələrinin müraciətlərinə baxıldıqdan sonra onların ölkəmizə gəlməsi üçün həmin şəxslərə poçt vasitəsilə ilkin akkreditasiya kartı göndərilir. Ölkəmizə gələndə aeroportda kart təsdiqləndikdən sonra akkreditasiya ilə idman arenalarına sərbəst girmək mümkün olur. Xarici media nümayəndələrinin qalma xərcləri onların özləri tərəfindən ödənilir" - deyə, Talıbov bildirib.









Süleyman








 



 

Digər xəbərlər