İlk gün 3 qızıl, 1 gümüş və 7 bürünc medal

İlk gün 3 qızıl, 1 gümüş və 7 bürünc medal
Digər, Güləş
13 Aprel 2017 - 19:49
Supersport.Az xəbər verir ki, Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir start götürüb.

Turnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxstan və Belarus pəhləvanları mübarizə aparır.


İlk yarış günündə yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 122 pəhləvan yarışıb.

Turnirin açılış mərasimində Gənclər və İdman Nazirliyinin (GİN) İdman şöbəsinin müdiri Fərid Mansurov və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov çıxış edib.

Çıxış edən GİN-nin İdman şöbəsinin müdiri F.Mansurov güləş idman növünün ölkəmizdə populyarlığından, gənclərin bu idman növünə həvəsindən danışıb. O, digər idman növlərinə olduğu kimi güləşə də dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini bildirib. Şöbə müdiri güləşçilərimizin onlara göstərilən etimadı layiqincə doğrultduqlarını qeyd edib. F.Mansurov yarış iştirakçılarına uğurlar arzulayıb.

AGF-nin vitse-prezidenti E.Cəfərov idmançılara Federasiyanın prezidenti Fazil Məmmədovun salamlarını çatdırıb. O, Azərbaycan güləşində yeniyetmə və gənclər arasında böyük rəqabət olduğunu, gələcəkdə əsas milli komandamızda çıxış etmək üçün layiqli idmançıların yetişdiyini bildirib. AGF-nin vitse-prezidenti güləşçilər arasında belə turnirlərin keçirilməsinin əhəmiyyətindən söz açıb. Federasiya rəsmisi vurğulayıb ki, turnirlər güləşçilərimizin təcrübəsinin artırılmasında və ən yaxşı idmançıların müəyyənləşdirilməsində önəmli rol oynayır. E.Cəfərov qaliblərin milli komandanın tərkibində qarşıdan gələn beynəlxalq yarışlarda mübarizə aparacaqlarını vurğulayıb. O, yarışda iştirak edən idmançılara sağlam rəqabət arzulayıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və yarışlar açıq elan edilib.

Sonra mərasimin bədii hissəsi başlayıb. İncəsənət ustalarının ifasında mahnılar səsləndirilib və müxtəlif rəqs nömrələri nümayiş olunub.

Açılış mərasimindən sonra yarışlar davam edib.

Yığma komandamızın üzvləri ilk yarış gününü 3 qızıl, 1 gümüş və 7 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Həsrət Cəfərov (42 kq), Zaur Əliyev (46 kq) və Cavidan Cavadov (63 kq) qazandırıb.

Komanda hesabında Azərbaycan birinci, İran komandası ikinci, Gürcüstan komandası isə üçüncü olub.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunur.

Digər xəbərlər