"Neftçi"nin yeni transferi: "Azərbaycan çempionatının səviyyəsi Ukraynadakından yüksəkdir"

"Neftçi"nin yeni transferi: "Azərbaycan çempionatının səviyyəsi Ukraynadakından yüksəkdir"
Futbol
06 Yanvar 2017 - 16:41


“Neftçi” adlı-sanlı, öz ənənəsi olan klubdu” - Supersport.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin yeni transferi Kirill Petrov deyib. “Ağ-qaralar”la il yarımlıq müqavilə imzalayan ukraynalı müdafiəçi ölkəsinin mətbuatına açıqlama verib.

“Neftçi”yə keçidindən danışan 26 yaşlı futbolçu əvvəlcə yeni komandasının hazırkı durumuna toxunub: “Düzdü, “Neftçi” çempionatda 7-ci pillədə qərarlaşıb. Amma komandanın məşqçilər korpusu dəyişib və qarşıya yüksək hədəflər qoyulub. Bu amillər seçimimdə rol oynadı”.

Petrov Azərbaycana köçməyini  Premyer Liqanın səviyyəsi və “Neftçi” ilə Avropa Liqasında iştirak etməyi istəyi ilə əlaqələndirib: “Neftçi”nin Avroliqanın qrup mərhələsində oynamasından çox vaxt keçməyib. Bu komandanın heyətində avrokubokda çıxış etmək istəyirəm.

 

Zənnimcə, Azərbaycan çempionatının səviyyəsi indiki məqamda heç də pis deyil. Azərbaycan klublarında çoxlu legionerlər çıxış edir. Mənə elə gəlir ki, Azərbaycan Premyer Liqası səviyyəsinə görə Ukrayna çempionatından üstündü. Bir də karyeramda yeni səhifə açmaq istədim”.

Kiyev “Dinamo”sunun yetirməsi “Neftçi”yə adaptasiya olmaqdan narahat deyil. Petrov bunu əvvəllər Polşa və Qazaxıstanda legioner həyatı yaşaması ilə əlaqələndirib: “Açığı, “Neftçi”yə adaptasiya prosesinin nə qədər vaxt alacağını hələ bilmirəm. Bunu öyrənmək üçün çempionatın atmosferini yaşamalı, özümü yeni kollektivdə, yeni mühitdə tapmalıyam. Keçən il “Dnepr”in heyətində toplanışda olanda “Qəbələ” komandası ilə qarşılaşdıq.

 

Çox layiqli və maraqlı rəqib idi. Yeri gəlmişkən, “Qəbələ” ölkəsində liderlərdən biridi. Bu mənada, Azərbaycanda oynamaq mənim üçün maraqlı olacaq. Məlum məsələdi ki, adaptasiya üçün müəyyən vaxt lazım gələcək. Amma həmin müddətin uzun çəkəcəyini düşünmürəm.

 

Azərbaycan çempionatında qış fasiləsi yanvarın 28-də başa çatacaq. Cəmi 3 həftə vaxt qalıb. Odu ki, oyunlara tam hazır olmaq üçün təlim-məşq toplanışında özümü yaxşı tərəfdən göstərməliyəm. Komandaya nə qədər tez uyğunlaşsam, bir o qədər yaxşıdı. Adaptasiya mənim üçün heç vaxt problem olmayıb. Əminəm ki, “Neftçi”də də bu sarıdan işlərim yolunda gedəcək”.

Digər xəbərlər