FİRDOVSİ UMUDOV: "YENİ HACILAR, TOĞRULLAR, CƏBRAYILLAR YETİŞDİRMƏLİYİK"

FİRDOVSİ UMUDOV: "YENİ HACILAR, TOĞRULLAR, CƏBRAYILLAR YETİŞDİRMƏLİYİK"
Digər, Güləş
17 Noyabr 2016 - 18:56
OLİMPİYAÇILAR "QRAN PRİ"YƏ QATILMAYACAQ

Supersport.Az-ın məlumatına görə, bu gün Güləş Mərkəzində Bakıda keçiriləcək "Qran-pri"yə hazırlaşan sərbəst güləşçilərin açıq məşqi baş tutub.

Yığmamızın baş məşqçi əvəzi Firdovsi Umudov komandanın hazırlığı və heyətlə bağlı danışıb:

"Noyabrın əvvəlində bu vəzifəyə təyin olundum. İlk növbədə federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, mənə etimad göstəriblər. Komanda mənə çox tanışdır. Uşaqlar da məni çox yaxşı tanıyır. 2008-ci ilin noyabrından əsas komandada böyük məşqçi kimi çalışmışam. 2007-08-ci illərdə yeniyetmələrdən ibarət yığmada baş məşqçi olarkən sərəncamımda olan güləşçilər indi əsas yığmada çıxış edir. Bu da məni sevindirir. Hacı Əliyev, Toğrul Əsgərov və Cəbrayıl Həsənovun adını çəkə bilərəm. Bu komanda mənə yad deyil. Güləşçilərin psixologiyasına bələdəm və kimə fərdi şəkildə necə yanaşmaq lazım olduğunu çox yaxşı bilirəm. Pəhləvanlarımızın çatışmayan cəhətlərinə də bələdəm. Çalışacağam ki, mənə göstərilən etimadı doğruldum. Güclü məşqçilər korpusumuz var. Onlarla birgə gələcək planları təhlil edirik. Yığmanın heyətini seçərkən yanılmamağa çalışacağam. "Qran-pri"də hər çəkidə 3 güləşçiylə təmsil olunacağıq. Amma bəzi çəkilərdə 4-5 pəhləvanla çıxış etmək istəyirik. Bunun üçün ali quruma müraciət etmişik. Bu yarışda daha çox gənclərə üstünlük verəcəyik. Dünən UWW-yə heyətimizi göndərmişik. 57 kq-da 5 nəfərlə çıxış etməyi planlaşdırırıq. Gənclər arasında dünya çempionları Əfqan Xaşalov, Mahir Əmiraslanov, bu çəkidə Olimpiadaya lisenziyanı təmin edən Mircəlal Həsənzadə döşəyə çıxacaq. Bu turnir gənclərin özünü göstərməsi üçün yaxşı şans olacaq. Tədricən yığmada heyəti gəncləşdirməyə çalışacağıq. Gənclər və yeniyetmələrdən ibarət yığmaların çalışdırıcılarıyla söhbət etmişəm. Aşağı yaş qruplarında fərqlənən güləşçiləri əsas komandaya cəlb etmişəm. Növbəti yarışlarda onlara şans verəcəm. Yığmaya yeni nəfəs gətirəcəyik. Olimpiyaçılar "Qızıl Qran-pri"yə qatılmayacaq. Artıq gələn ilin təqvim planını hazırlayıb, federasiyaya təqdim etmişəm. Bütün titullu güləşçilərə demişəm ki, mənim üçün nizam-intizam birinci şərtdir. Heç kimin statusuna baxmıram. Qida və yuxu rejiminə, hazırlıq prosesinə bütün yığma üzvləri riayət etməlidir. Əks halda, uğurdan danışmaq olmaz. Bölgələrdə master klasslar, seminarlar keçəcəyik. Məşq etməyin düzgün qaydalarını, çəkisalma üsullarını başa salacağıq. Bir neçə dəfə görmüşəm ki, bəzi yerlərdə böyüklərlə yeniyetmələr bir yerdə hazırlıq keçir. Bu, doğru deyil. Onlara eyni yüklənməni vermək olmaz. Bölgələrimizdə yeni Hacılar, Toğrullar, Cəbrayıllar yetişdirməliyik".

Digər xəbərlər