RÜSTƏM ORUCOV OLİMPİADADA GÜMÜŞ MEDAL QAZANDI

RÜSTƏM ORUCOV OLİMPİADADA GÜMÜŞ MEDAL QAZANDI
Olimpiya, Rio-2016, Cüdo
08 Avqust 2016 - 23:41
rustamolimpiya

rustemoruc

 

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının üçüncü günündə Azərbaycan cüdoçusu Rüstəm Orucov mübarizəyə qoşulub. Turnirdə 73 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz 1/16 finalda Qazaxıstan idmançısı Didar Hamza ilə qarşılaşmada xəbərdarlıqlar sayəsində qələbə qazanıb.

Avropa çempionumuz 1/8 final mərhələsində Avstraliya cüdoçusu Jake Bensted üzərində ipponla qələbə qazanıb.

Təmsilçimiz dörddəbir finalda Macarıstan təmsilçisi, 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Miklos Unqvarını məğlub edib. Azərbaycan idmançısı yarımfinal mərhələsində İsrail təmsilçisi Saqi Mukiyə qalib gəlib. Finalda ikiqat dünya çempionu yaponiyalı Şoehi Ono ilə qarşılaşan Rüstəm Orucov uduzaraq gümüş medal qazanıb.

Qeyd edək ki, iyirmi beş yaşlı Rüstəm Orucov bu il Kazanda keçirilən Avropa çempionatının şəxsi yarışlarında birinci yeri tutub. O, həmin çempionatda komanda yarışında bürünc mükafatla kifayətlənməli olub. İdmançımız 2011-ci ildə Dünya Kubokunun bürünc mükafatçısı və Avropa Kubokunda ikinci yerin sahibi olub. Cüdoçumuz həmin il Azərbaycanı Şenzen şəhərində keçirilən beynəlxalq yay universiadasında, 2012-ci ildə isə London Yay Olimpiya Oyunlarında təmsil edib. 2012-c il Bakıdakı Qran-prisində qızıl, 2014-cü il Türkiyənin Samsun şəhərindəki Qran-pri turnirində gümüş medal qazanan R.Orucov ötən il Tbilisidə keçirilən Qran-pridə birinci yeri tutub. İdmançımız bu il Bakıda keçirilən “Böyük dəbilqə” beynəlxalq turnirində bürünc, Almaniyada təşkil olunan Qran-pri turnirində isə gümüş medal qazanıb.

R.Orucov Beynəlxalq Cüdo Federasiyasının reytinq siyahısında ikinci yerdə qərarlaşıb. O, Olimpiya Oyunlarına lisenziyanı Beynəlxalq Cüdo Federasiyasının reytinq cədvəlinə əsasən qazanıb.

Digər xəbərlər