OLİMPİYA YIĞMAMIZ BRAZİLİYAYA YOLLANDI

OLİMPİYA YIĞMAMIZ BRAZİLİYAYA YOLLANDI
Olimpiya, Rio-2016
02 Avqust 2016 - 01:03
Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın və Azərbaycan nümayəndə heyətinin Braziliyaya yolasalma mərasimi keçirilib.

Hava limanında ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, idmansevərlər iştirak ediblər.

Gənclər və idman naziri Azad Rəhimov da Braziliyaya yola düşən nümayəndə heyəti arasında olub.

Güləşçilərimizdən Rəsul Çunayev, Rövşən Bayramov olimpiadada qızıl medal qazanmaq üçün mübarizə aparacqlarını bildiriblər.

XXXI Yay Olimpiya Oyunlarında yığma komandamız əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə təmsil olunacaq. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Azərbaycan triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunacaq.

Olimpiadada ölkəmizi təmsil edəcək 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olacaq.

Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, 3 hakimlə də təmsil olunacaq. Bundan başqa, idmançılarımızı 34 məşqçi, 6 həkim, fizioterapevtlər, texniki işçilər və digərləri müşayiət edəcək.

Nümayəndə heyətinin Rio-de-Janeyroya birbaşa və rahat şəkildə aparılması və avqustun 22-də Vətənə qayıtması üçün xüsusi çarter reysləri ayrılıb.

Azərbaycan komandasının Olimpiya kəndində salamlanması və bayrağımızın qaldırılması mərasimi isə avqustun 3-də keçiriləcək.

Məlumat üçün qeyd edək ki, yarışa ilk günlərdən başlayacaq gimnastlar, cüdoçular və güləşçilərimiz Braziliyaya əsas komandadan tez yollanıblar (azertag).

Ümumilikdə, Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında rekord sayda - 206 iştirakçı ölkə 306 medal uğrunda mübarizə aparacaq.

Digər xəbərlər