QARA QARAYEV: "ÇEXİYADA MEYDANIN HƏR QARIŞI UĞRUNDA MÜBARİZƏ APARMALIYIQ"

QARA QARAYEV: "ÇEXİYADA MEYDANIN HƏR QARIŞI UĞRUNDA MÜBARİZƏ APARMALIYIQ"
Futbol, Eksklüziv
25 İyul 2016 - 23:35
Supersport.Az Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Viktoriya"nın qonağı olacaq "Qarabağ"ın aparıcı futbolçusu Qara Qarayevdən müsahibə alıb.

24 yaşlı yarımmüdafiəçi ilk olaraq "Düdelanj"la cavab oyununu yada salıb.

"İNANMIRAM Kİ, KOMANDADA BELƏ FUTBOLÇU OLSUN"

- Lüksemburqdakı oyunun ağır keçəcəyini bilirdik. "Düdelanj" vaxtı ilə "Zalsburq" kimi komandanı mübarizədən kənarlaşdırıb. Allaha şükürlər olsun ki, bəxtimiz gətirdi. Rəqib komanda ilk hissədə penaltini vursaydı, oyun fərqli məcrada keçəcəkdi. Hava şəraiti və meydançanın vəziyyəti çətinlik yaratdı. Artıq "Düdelanj"dan danışmağa ehtiyac yoxdur, "Viktoriya"nı düşünməliyik.

- İlk oyunda iki qollu qələbə komandanı arxayınlaşdırmamışdı?

- 2:0 hesabı böyük üstünlük deyil. Buna görə də komandamızda qəti arxayınçılıq yox idi. Oyunun əvvəlində qol vurulsaydı, qarşılaşmanın ssenarisi başqa olacaqdı.

- Bəlkə əksər futbolçular "Düdelanj" səddinin keçildiyini güman edərək, "Viktoriya" haqda düşünürdü.

- İnanmıram ki, komandada belə futbolçu olsun. Baş məşqçi Qurban Qurbanov da bizə dəfələrlə mərhələ adlamadan digər raundu qəti fikirləşməməyi bildirib.

- Çexiya çempionuna bələdsinizmi?

- "Viktoriya" Çempionlar və Avropa Liqasında böyük təcrübəyə malikdir və gücü məlumdur. Bu komandanı daha yaxşı öyrənməyə, təhlil etməyə çalışırıq.

"VİKTORİYA"NIN OYUNU "BRÜGGE"YƏ BƏNZƏYİR"

- "Qarabağ" "Viktorya"nı bir dəfə məğlub edib.

- Bəli, iki il əvvəl 3:1 hesabı ilə. Ancaq yaddan çıxarmayaq ki, bu yoxlama oyunu olub. Həmin vaxtdan indiyə qədər bu komandada böyük dəyişiklik baş verib. "Viktoriya" hazırda daha dinamik oynayır, güclü pressinq edir və hücum futboluna çox üstünlük verir. Rəqibin oyunlarının videoyazısına baxmışam və zəif cəhətlərini tapmaq çətindir.

- Bu komandanın oyununu qarşılaşdığınız rəqiblərdən hansına bənzətmək olar?

- "Brügge"yə. Belçika klubu da güçlü pressinq edirdi.

"LÜKSEMBURQDAKI OYUNU ÇEXİYADA GÖSTƏRSƏK, UĞURSUZLUQLA ÜZLƏŞƏRİK"

- Çexiya təmsilçisini keçmək nə dərəcədə realdır?

- Futbolda mümkünsüz heç nə yoxdur. Lüksemburq klubu ilə göstərdiyimiz oyunu Çexiya çempionuyla qarşılaşmada nümayiş etdirsək, uğursuzluqla üzləşə bilərik. Buna görə də, tam fərqli oynamalıyıq. "Viktoriya" ilə oyunda uğur qazanmaq üçün hamımız bütün varlığımızı sərf etməli, çox çalışmalı, bir sözlə, meydanın hər qarışı uğrunda mübarizə aparmalıyıq.

- İlk oyunun səfərdə, cavab qarşılaşmasının evdə olmasının fərqi var?

- Fikrimcə, ilk matçın səfərdə keçirilməsi yaxşıdır. Səfərdə daha yaxşı oynayırıq. Düşünürəm ki, Plzendən uğurlu nəticə ilə qayıtsaq, Bakıdakı oyuna daha çox azarkeş marağı olacaq. Bu da komandamıza əlavə stimul verəcək.

- Sərfəli nəticə qazanmaq üçün müdafiə xəttinin üzərinə daha çox yük düşür.

- Mən deyərdim ki, nəinki müdafiə, ilk növbədə hücum xəttindən daha çox şey asılıdır. Futbol dili ilə desək, ən yaxşı müdafiə hücumdur. Baş məşqçimiz də hücum xəttinin mühüm olduğunu deyir. Həm müdafiə olunduqda, həm də hücum etdikdə komanda olaraq çalışmalıyıq.

"TƏKCƏ TƏCRÜBƏYLƏ İŞ BİTMİR"

- "Qarabağ"ın ardıcılı iki il Avroliqanın qrupunda mübarizə aparmasının sizə faydası ola bilərmi?

- Sözsüz ki, komandamızın təcrübəsi artıb. Ancaq daha çox çalışmalıyıq. "Viktoriya" təcrübə baxımından "Qarabağ"dan çox üstündür. Bizə güc, ustalıq, əzmkarlıq da lazımdır. Təkcə təcrübə ilə iş bitmir.

- Səddi adlasanız ən azı Avroliqanın qrupuna vəsiqəni təmin edəcəksiniz. Bu, komandanızda ruh yüksəkliyi yaradır, yoxsa əlavə gərginlik?

- Biz də çox istəyirik ki, ilk növbədə Avroliqanın, ardından Çempionlar Liqasının qrupuna düşək. Qarşıdakı oyun çox vacibdir, bu istək komandamıza əlavə güc verməli və hər hansı mənfi təsir olmamalıdır. Uğura gedən yol qələbə qazanmaqdan keçir.

Anar CƏFƏRSOY

Digər xəbərlər