AZƏRBAYCAN FUTBOLU: MİLLİ ÇEMPİONATIN DÜNƏNİ VƏ BU GÜNÜ

AZƏRBAYCAN FUTBOLU: MİLLİ ÇEMPİONATIN DÜNƏNİ VƏ BU GÜNÜ
Futbol, Layihə, AFFA yanında Media Komitəsi
20 İyul 2016 - 17:08
Zəngin tarixə və ənənəyə malik 105 yaşlı Azərbaycan futbolu. İdmanın şahı olan futbol ölkəmizdə ən populyar idman növləri sırasındadır. Futbolumuz dövlətin diqqət mərkəzindədir. Bunun məntiqi nəticəsi olaraq futbolun inkişafına dair 2005-2015-ci illəri əhatə edən dövlət proqramı qəbul olunmuşdu. Bu sahədə xeyli işlər görülsə də, həllini gözləyən problemlər də mövcuddur.

Şübhəsiz ki, ölkənin bir nömrəli milli komandasının uğurlu çıxışı ilk növbədə klubların və ölkədaxili yarışların səviyyəsindən asılıdır.

Sovet dönəmində SSRİ çempionatında bürünc medal qazanan "Neftçi", müstəqillikdən sonra da futbolumuzun tarixinə düşdü: avroliqanın qrupuna düşən ilk klubumuz oldu.

Bu parlaq zəfərləri "Qarabağ" iki, "Qəbələ" bir dəfə qrupda çıxış etməklə davam etdirdi. Bununla bu idman növünə maraq və həvəs daha da artıb. AFFA-nın statistik məlumatına görə, bu gün ölkədə 95 min nəfər futbolla aktiv məşğul olur.

Məqsədimiz futbolumuzun ümumi vəziyyətini təhlil etmək, bu sahənin inkişafına dəstək vermək, uğurları ictimaiyyətə daha geniş çatdırmaq, problemləri araşdırmaq və mütəxəssislərin fikirlərini təqdim etməkdir.
Futbolumuzun səviyyəsi baxımından ölkə çempionatı və kubokunun böyük əhəmiyyət daşıdığını nəzərə alaraq, hədəfimiz bu yarışları ən yaxşı şəkildə işıqlandırmaqdır.

UNİVERSAL AFFA

Milli çempionatın mövcud vəziyyətini təhlil edən əməkdar məşqçi Ağasəlim Mircavadov bəzi çatışmazlıqların həlli yollarını göstərərək, digər mütəxəssislərin də rəyinin mühüm olduğuna işarə edib.

Təcrübəli ekspertin fikrincə, futbolumuzun gələcəyi təhlükədədir və dövlətin klublara dəstəyi çox vacibdir:

"Çempionat ölkə futbolunun inkişafını, səviyyəsini müəyyənləşdirir. Klublar beynəlxalq yarışlarda ölkəmizi təmsil edən yığma komandalara oyunçu verir. Ölkədaxili yarışlardan çox şey asılıdır. 5-6 il əvvəl çempionatın səviyyəsi yüksək idi. İddialı klubların sayı nə qədər çox olsa, bunun böyük faydasını görərik, yığma komandalar da uğurlu nəticələr əldə edər. Mən deyərdim ki, bu futbolun qanunudur, aksiomadır.
Çempionatın səviyyəsinin aşağı düşəcəyi gözlənilən idi.
Qəribədir ki, bizdə əksər klublara AFFA sponsorluq edir. Axı, heç bir yerdə belə şey yoxdur.
Klub rəhbərləri gələcəyi düşünməli və komandanın səviyyəsinin aşağı düşməsinə imkan verməməlidirlər. Avropanın məşhur klublarından olan "Yuventus" əvvəllər qitə yarışlarında uğurlu çıxış edirdi, sonradan çempionluğu ləğv olunaraq, aşağı liqaya göndərildi və maddi çətinlik səbəbindən eniş yaşandı. Buna baxmayaraq, klub idarəçilərinin peşəkarlığı komandanı ayağa qaldırdı. Bizdə isə imkanlı işadamından asılı olan klub maliyyə problemi ilə üzləşdikdə dağılır. Son illər Premyer Liqada 4-5 klub bu aqibəti yaşayıb. Bu səbəbdən AFFA məcburiyyət qarşısında qalaraq, klublara maddi dəstək verməli olur. Hətta federasiya birinci liqanın əksər klublarına sponsorluğu da öz üzərinə götürüb".

26-DAN 8-Ə…

Çempionatın əsas problemlərini qabardan Mircavadov, məsləhətlər də verib:

"Yaddan çıxarmayaq ki, müstəqillik dövründə ilk milli çempionatda 26 komanda mübarizə aparıb. İndiyə qədər 1993-1994-cü, 2004-2007-cı illərdə güclü rəqabət vardı. 2005-2006-cı ildə 5-6 komanda iddialı idi: "Neftçi", "İnter", "Qarabağ", "Xəzər Lənkəran", "Bakı", "Karvan".
Statistik məlumatlar da çempionat iştirakçılarının sayının azalmaqda olduğunu göstərir: 18, 16, 12, 10, 8 klub. Bu, xoşagəlməz vəziyyətdir.
Klubların gələcək üçün proqramı olmalıdır. Bir məqamı vurğulamaq yerinə düşər ki, dünya çempionatı və olimpiada yarşıları üçün hər bir ölkənin xüsusi proqramı mövcuddur.
Bununla bağlı olaraq mütəxəssis və jurnalistlərin iştirakı ilə çempionata həsr olunmuş dəyirmi masa keçirilməsini vacib hesab edirəm. Məqsəd futbolumuzun inkişafına və mövcud problemlərin həllinə yardımcı olmaqdır. Burada müasir futbolun inkişaf tempi nəzərə alınaraq, real təkliflər verilməli və çıxış yolları göstərilməlidir. Proseslərin gedişi göstərir ki, dövlətin klublara maliyyə dəstəyi vacibdir. Əks təqdirdə, futbolumuzun gələcəyi sual altında olacaq. Təəssüf ki, futbolun inkişafında rolu olan, çempionata rəng qatan iki klubumuz - "Bakı" və "Xəzər Lənkəran"ın dağılması ölkə futboluna ciddi zərbə oldu".

ÜÇ ZƏRBƏ BİRDƏN

agaselim_mircavadov22

"Şöhrət" ordenli mütəxəssis, çempionat iştirakçılarının azalmasının şok effekti yaradacağı qənaətindədir:

"Premyer Liqada klubların sayı azaldığından üç yığmaya - milliyə, U-19 və U-21-ə böyük zərbə dəyəcək. Bu məsələdə AFFA ilə PFL-i günahlandırmaq və tənqid etməyi doğru hesab etmirəm. Bu işdə məsuliyyət klub prezidentlərinin üzərinə düşür. Aydın məsələdir ki, milli komandalar klublardan formalaşır. Robert Prosineçki əvvəl 10 klubdan yığmaya futbolçu dəvət etdiyi halda, indi məcburiyyət qarşısında 8 komandadan seçim etməli olacaq.
Hər futbolçu il ərzində çempionatda 28, yığmalarla 10-15, ümumilikdə isə 42 oyun keçirəcək ki, bu da təcrübə baxımından çox azdır. Halbuki onların hər biri 60-a yaxın oyun keçirməlidir. Məhz bunun nəticəsində futbolçuların 80 faizi inkişaf tempini artıraraq, yığmaya fayda verə bilər.
Birinci liqada çıxış edən 14 klubdan hansı futbolçu milliyə dəvət alıb?

Maliyyə durumu yaxşı olan "Qarabağ", "Neftçi" və digər komandaların birinci liqada təmsilçiləri olmalıdır. 17 yaşından başlayaraq futbolçular birinci divizionda oynamalı və əsas komanda üçün ehtiyat qüvvə çevrilməlidir. U-19-ların çempionatı da aşağı səviyyədədir. Gənc futbolçuları imkan daxilində xaricə göndərmək lazımdır. Bir ildən sonra komandaların say artımı gözlənilir. Ancaq bu müddəti boşa verməmək üçün çıxış yolları göstərməyi özümə borc bilirəm.

Başda dövlət başçısı olmaqla AFFA futbolumuza böyük töhfə verir. Bakıda 17 yaşlıların Avropa çempionatının yüksək səviyyədə təşkili qitə ölkələrinə nümunə ola bilər. "Avro-2020"nin final mərhələsinin bəzi oyunları ölkəmizdə təşkil olunacaq. Kiçik ölkələrdən heç birinə belə mötəbər yarışın ev sahibliyi verilmir. Bu, Azərbaycanda idmana böyük diqqət və qayğının nəticəsidir".

ADI VAR, ÖZÜ YOX

Futbola sərmayə qoyanların vergidən azad olunması təklifinə müsbət yanaşan mütəxəssis, bir daha dövlət dəstəyinə ehtiyacın vacib olduğunu vurğulayıb:

"Bölgə klubu ev oyunlarını paytaxtda keçirməməlidir. Şəraitsizlikdən belə addım atılır. Ən əsası klubun bazası olmalıdır. Bu olmadan inkişafdan söhbət gedə bilməz. Yalnız adı olub, heç nəyi olmayan klub var. Bölgələrə xüsusi diqqət yetirilməli, baza, stadion olmalı, uşaq futboluna böyük qayğı göstərilməli, məşqçilərin biliyi artırılmalıdır. AFFA bu sahədə mütəxəssislərin hazırlanması istiqamətində mühüm işlər görür.
Dünya futbolu daim inkişafdadır və biz bu prosesdən geri qalmamalıyıq. Əks təqdirdə, futbolumuzun gələcəyi olmayacaq. Bölgələrdə inkişaf tempini artırmaq mütləqdir. Yalnız paytaxtla kifayətlənmək olmaz.
Keçmiş sovet dönəmində futbola xüsusi diqqət yetirilirdi: Bakı, Sumqayıt, Quba, Qusar, Masallı, Lənkəran, Mingəçevir, Gəncə, Tovuz, Qazax və Zaqatalaya.
Sağ olsun Tale Heydərov, Qəbələdə əla şərait yaradıb. Ancaq ağılla çalışıb, peşəkar futbolçular yetişdirmək lazımdır.
16 komandanın iştirakı ilə çempionat keçirmək olar ki, bunun üçün də dövlət dəstəyi önəmlidir".

FUTBOLUN AYRILMAZ PARÇASI

Azarkeşlərin oyunlarda iştirakı baxımından ciddi problemlər olduğunu qabardan əməkdar məşqçi, bildirib ki, çempionatın səviyyəsi və maraqlı olması azarkeşlərdən də asılıdır:

"Hər oyunda stadiona 15-20 min futbolsevər gəlirsə, deməli vəziyyət ürəkaçandır. "Xəzər Lənkəran"ı çalışdıran dövrdə komandanın oyunlarına 14-15 min azarkeş gəlirdi. Bu komandaya sevginin və çempionata marağın göstəricisi idi.
"Neftçi"də baş məşqçi olanda "Xəzər Lənkəran"la Gəncədə keçirilən "qızıl oyunu" 25 min azarkeş izlədi. Komandalar döyüşkən ruhu və keyfiyyətli oyunu ilə azarkeşləri stadiona cəlb etməlidir. Azarkeş-klub: bu, futbolun ayrılmaz parçasıdır.

1 DOLLAR, HƏTTA 1 SENT

Demək olar ki, "Qarabağ" gəzə-gəzə çempion olur, ölkədaxili yarışlarda komandanın rəqibi yoxdur. Ancaq bu komanda Avropa yarışına mükəmməl hazırlaşmalıdır. "Qarabağ"a qitə turnirində ən azı 15 min azarkeşin dəstək verməsi əlavə stimuldur.
Bizdə klub sponsorları futboldan qazanc əldə edə bilmir. Xaricdə 1 dollar, hətta sent də dəyərlidir.
Qarabağın stadionu 5800 nəfərlik tutuma malikdir, çempionat oyunlarına 500-1000 tamaşaçı gəlir. Komanda çempionluğa layiq oyun göstərir. Klub azarkeşlərin cəlb olunması üçün mühüm addımlar atmalı, hər oyuna ən azı 3-4 min azarkeş gəlməsinə nail olmalıdır. Klubun atributları münasib qiymətə satılmalıdır. Fanatlara xidmət səviyyəsi daha da yüksəldilməlidir. İndiki halda azarkeşlərin cibinə uyğun qiymətlər olmalıdır. Lənkəranda 14 minlik stadionda biletin qiyməti 1 manat idi və hamı da alırdı. İdman qurğusunun ətrafında klubun atributları satılan mağazalar vardı və burdan əldə olunan gəlirdən stadion işçilərinin əmək haqqı ödənilirdi. Yaxşı qazanc əldə etmək üçün Avrokuboklarda çox sayda qələbələrə imza atmaq, qrupa düşmək lazımdır. Bu yolla xərclərin bir hissəsini qarşılamaq olar. Bu baxımdan "Qarabağ" və "Qəbələ"nin ötən mövsüm ən azı 3-4 milyon qazanmasını qeyd etmək istərdim.
Səhv etmirəmsə, "Kəpəz" bir mərhələ adlamaqla 400 min avrodan çox gəlir əldə edib ki, bu, Gəncə klubuna böyük köməkdir.
Avropanın bir nömrəli klub yarışında uğur qazanan "Astana"nın prezidenti Sayan Hamitcanov müsahibəsində bildirib ki, komanda 14 milyonluq büdcəyə sahibdir və nəzərdə tutulan vaxtdan bir il əvvəl Çempionlar Liqasının qrupuna düşüb. O, gəlirlərin klubun gücləndirilməsinə sərf olunacağını və davamlı olaraq bu istəyi təkrarlamağın vacibliyini qeyd edib".

"TERMİNATOR" NƏ FİKİRDƏDİR?

Milli komandanın və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov da çempionatın durumu ilə maraqlı fikirlər bildirib.

reshadsadd

Futbolumuzun "Terminator"u hesab edir ki, komandaların sayı 16-ya çatdırılmalıdır:

"Ötən çempionat pis keçmədi. Bəziləri yarışın daha zəif olduğunu bildirsə, bu fikirlə razı deyiləm. Həm ikincilik, həm yüksək liqada qalmaq uğrunda gərgin mübarizə getdi. Ola bilər ki, əvvəlki illərlə müqayisədə klubların oyun keyfiyyətində geriləmə oldu. Ancaq ümumilikdə çempionat çox maraqlı keçdi. Komandaların sayı 10-dan 8-ə düşdü. Ötən il çempionatda 36 tur olduğu halda, bu dəfə bundan 8 oyun az keçirəcəyik və bunun mənfi təsiri olacaq. Neyləyə bilərik, qərar belədir, icra etməliyik. Mən 10 komandanın tərəfdarı idim. Ümidvaram ki, gələn il iştirakçıların sayı artacaq. Mən daha çox 12, 14, 16 və ya 18 klubun çempionata qatılmasını istəyirəm. 18 komandadan ibarət 34 tur keçirilməsini daha yaxşı sayıram. Bu zaman ilk növbədə klubların maddi durumuna diqqət yetirilməlidir. Elə komandalar olur ki, çempionatı yarımçıq dayandırır. Bu amilin futbolumuza, çempionata böyük təsiri olur. Bəzi klubların çempionata buraxılmaması doğru addımdır. Hər hansı komandanın maddi durumu ən azı 1 il müddətinə futbolçuları təmin etməyə yetərli olmalıdır.
Ancaq bu demək deyil ki, 8-10 klub olması böyük problemdir. Çünki İsveçrə kimi futbol ölkəsində çempionatda 10 komanda mübarizə aparır. Ola bilər ki, bizdə belə hal olsun.
İndiyə qədər "Xəzər Lənkəran" - "Neftçi" "qızıl oyunu" keçirilən çempionatı (2004-2005-ci il) ən maraqlı və gərgin hesab edirəm”.

Azərbaycanda futbola sevginin böyük olduğunu diqqətə çatdıran kapitan, bununla belə azarkeş axınının zəif olmasından narahatdır:

"Stadionlara çox azarkeş gəlmir. Futbol genişmiqyaslı idman növüdür. Burda meydana çıxıb mübarizə aparmaqla iş bitmir. Çempionatın səviyyəsini artırmaq, daha maraqlı etmək, futbolumuzu inkişaf etdirmək üçün bir sıra mühüm şərtlər var: infrastrukturdan tutmuş, müasir standartlara cavab verən stadionlar, meydançaların çox, akademiyaların güclü səviyyədə olması, futbolçuların daha keyfiyyətli oyunlar nümayiş etdirməsi və azarkeş axınına kimi.
Bu sıraya maddi vəziyyətin yüksək səviyyədə olması, klubların düzgün idarə olunması da daxildir.
Azarkeşlər sağ olsunlar ki, Avrokubok oyunlarında komandamıza daha çox dəstək verirlər.
UEFA-nın reytinqində 55 üzv sırasında ölkəmizin 24-cü pillədə qərarlaşması müsbət göstəricidir. Hesab edirəm ki, daha çox çalışıb, 20-yə daxil olsaq, daha yaxşı olar".

BOMBARDİRİ DÜŞÜNDÜRƏN MƏSƏLƏ

Azərbaycan Premyer Liqasında 15 qola imza ataraq bombardirlərin siyahısına başçılıq edən "Qarabağ"ın ispan futbolçusu Dani Kintana da çempionatımıza qiymət verib.

dani

"Valensiya"nın yetirməsi, belə danışıb:

"Azərbaycan futbolu inkişafdadır. "Qarabağ"ın iki dəfə, "Qəbələ"nin bir dəfə Avroliqanın qrup mərhələsində iştirakı buna sübutdur. Çempionatda hər oyun çətin keçir. Ötən mövsüm autsayderlərdən "Sumqayıt" və "Rəvan"a uduzduq.
Vaxtıilə çıxış etdiyim Polşada 16 komanda mübarizə aparırdı, təşkilatçılıq, stadionların durumu daha yaxşı səviyyədə idi, telekanallar çempionatı rəngarəng təqdim edirdi, azarkeşlərin futbola böyük marağı vardı. Əminliklə deyə bilərəm ki, "Qarabağ" həmin ölkədə çempionluğa oynaya bilər. Futbolçular hər oyunda 100 faiz güc sərf etməklə inkişaf edə bilərlər.
Azərbaycanda komandalar çempionat oyunlarına girişi pulsuz da edirlər, ancaq azarkeşlərin yenə də az olması başadüşülən deyil. Çempionatda iştirak edən klubların sayı çox və ən əsası maddi imkanları ürəkaçan olmalıdır".

Anar CƏFƏRSOY

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Digər xəbərlər