OLİMPİYA MEDALÇILARINA VERİLƏCƏK PUL MÜKAFATLARININ MƏBLƏĞİ AÇIQLANDI

OLİMPİYA MEDALÇILARINA VERİLƏCƏK PUL MÜKAFATLARININ MƏBLƏĞİ AÇIQLANDI
Olimpiya, Rio-2016
18 İyul 2016 - 21:46
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya və XV Paralimpiya Oyunlarında Azərbaycan idmançıları, əlil idmançılar və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

Supersport.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, sərəncamlara əsasən, XXXI Yay Olimpiya Oyunlarında birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat məbləğində mükafat veriləcək.

Olimpiadada ikinci yeri tutan hər bir idmançıya və məşqçiyə müvafiq olaraq, 200 min və 100 min manat məbləğində mükafat nəzərdə tutulub. Üçüncü yeri tutan idmançı 100 min, onun məşqçisi isə 50 min manat məbləğində mükafatlandırılacaq.

Bundan başqa, XV Yay Paralimpiya Oyunlarında birinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat mükafat veriləcək. İkinci yerə layiq görülən idmançı 100 min manat, onun məşqçisi 50 min manat məbləğində mükafatlandırılacaq. Üçüncü yeri tutan hər bir paralimpiyaçı idmançıya 50 min manat, onun məşqçisinə isə 25 min manat məbləğində mükafat nəzərdə tutulub.

Digər xəbərlər