TEYMUR MƏMMƏDOV DÖYÜŞMƏDİ, LİSENZİYA QAZANDI

TEYMUR MƏMMƏDOV DÖYÜŞMƏDİ, LİSENZİYA QAZANDI
Olimpiya, Rio-2016, Digər, Boks
23 İyun 2016 - 22:24
Bakıda "Rio-2016"ya lisenziya xarakterli boks üzrə dünya təsnifat turniri davam edir.

Supersport.Az-ın məlumatına görə, bu gün üç boksçumuzdan ikisi rinqə çıxıb.

Günorta proqramında 75 kiloqram çəkidə mübarizə aparan boksçumuz Kamran Şahsuvarlı dörddəbir final döyüşünü keçirib. K.Şahsuvarlının dörddəbir finaldakı rəqibi "Bakı-2015" ilk Avropa Oyunlarının qalibi, irlandiyalı Maykl O Rilli olub. Boksçumuz uduzaraq, mübarizəni dayandırıb. Kamran Olimpiadaya lisenziya şansını qoruyur. Bunun üçün irlandiyalı boksçu turnirin qalibi olmalıdır. O Rilli qızıl medal qazansa, K.Şahsuvarlı məhz ona uduzduğu üçün yarışı beşincı yerdə tamamlayacaq. Bu da reqlamentə uyğun "Rio-2016"ya vəsiqə deməkdir.

Günün ikinci yarısında rinqə daha bir azərbaycanlı idmançı - 81 kiloqramda döyüşən Teymur Məmmədov çıxmalı idi. Ancaq Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı və Avropa Oyunlarının qalibinin dörddəbirfinalda mərakeşli Hassan Saadla döyüşü baş tutmayıb. Buna səbəb rəqibin rinqə çıxmaqdan imtina etməsidir. Mütləq qalib elan olunan Teymur Məmmədov həm yarımfinala, həm də Rio Olimpiadasına vəsiqə qazanıb.

Sabah isə Rüfət Hüseynov (49 kq) meksikalı Xoselito Velaskes Altamirano ilə yarımfinalda görüşəcək. Bu çəkidə finala yüksələn boksçu "Rio-2016"ya lisenziya əldə edəcək.

Digər xəbərlər