BAKI MARŞALLAR KLUBUNUN ULDUZ ELÇİSİ SEÇİLDİ

BAKI MARŞALLAR KLUBUNUN ULDUZ ELÇİSİ SEÇİLDİ
Digər, Formula-1
07 May 2016 - 01:22
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) nəzdində fəaliyyət göstərən Bakı Marşallar Klubu (BMK) Azərbaycanın əməkdar artisti Murad Dadaşovu Formula-1 Avropa qran-prisində marşalların ulduz elçisi elan edib.

Supersport.Az-ın məlumatıan görə, mayın 6-da “Marriott Abşeron” otelində təşkil olunmuş tədbirdə BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai marşalların ulduz elçisini ictimaiyyətə təqdim edib.

Ulduz elçinin təqdim olunmasından sonra BŞH-nin əməliyyatlar şöbəsinin müdiri və eyni zamanda BMK-nın rəhbəri vəzifəsini icra edən Çingiz Mehdiyev bildirib ki, Azərbaycanda marşallıq fəaliyyətinə daha geniş maraq oyatmaq və Formula-1 Avropa qran-prisində iştirak edəcək marşallara dəstək göstərmək məqsədilə Murad Dadaşov Bakı Marşallar Klubunun rəsmi ulduz elçisi seçilib. O, Dadaşovun Bakı Marşallar Klubunun fəaliyyətinin ictimaiyyətə çatdırılmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Yeniyetmə illərindən “Formula-1” yarışlarını həvəslə izlədiyini deyən Murad Dadaşov bildirib: “Marşalların ulduz elçisi olmaq şərəfli missiyadır. İndiyədək ölkəmizdə keçirilən irimiqyaslı tədbirlərdə fəxri nümayəndə kimi yaxından iştirak etmişəm. Ancaq burada olmaqdan xüsusi zövq alıram. Gənclərimiz “Formula-1”in ruhuna xas böyük coşqu və həyəcana sahibdirlər. Çalışacağam ki, onlar Avropa Qran-prisində böyük həvəslə iştirak etsinlər və sahib olduqları potensialı ən yüksək səviyyədə ortaya qoysunlar”.

Digər xəbərlər