DÜNYANIN ƏN YAXŞI FUTBOL AGENTLƏRİ

DÜNYANIN ƏN YAXŞI FUTBOL AGENTLƏRİ
Futbol
23 Mart 2016 - 11:46
Müasir futbolu onlarsız təsəvvür etmək mümkün deyil. Futbolçuların transferləri, məşqçilərin komandalara gətirilməsi, klubların alqı-satqısı… bütün bunların hamısını yoluna qoymaq məhz onların işidir. Qazancları da futbolçularla müqayisədə o qədər yüksək deyil. Gördükləri işin dəyərinin 5-10 faizi. Bu üzdən onları həm də “10 faiz qiyməti olanlar" adlandırırlar. Lakin həmin “10 faizlər" onlara hər il milyonlarla gəlir gətirir. Kimisi bu işlə peşəkar səviyyədə, kimisi isə həvəskar kimi məşğul olur. Onlar elə bir qüvvəyə sahibdirlər ki, istedadsız futbolçunu ulduz eləyə, heç kimə lazım olmayan futbolçuya yaxşı iş yeri tapa, qiymətsiz futbolçunu qiymətli edə bilərlər. Söhbət futbol menecerlərindən və ya agentlərindən gedir. Bu sayımızda dünya futbolunda ad çıxarmış 21 futbol menecerindən bəhs edəcəyik.

Jorje Mendeş

Bu insan futbol agentlərinin kralı hesab edilir. Jorje Portuqaliyanın qaz emalı üzrə ən tanınmış mühəndisinin ailəsində böyüyüb, təhsil alıb. Yəni, uşaqlığı bir çox portuqaliyalı uşaqlar kimi ehtiyac içində keçməyib. Futbola xobbi kimi baxan Mendeş idmanın bu növü ilə məşğul olsa da, tanınmış futbolçu ola bilməyib. 30 yaşında 3-cü divizion təmsilçisində karyerasını bitirən Mendeş bizneslə məşğul olmağa başlayıb. Onun əsas işi Portuqaliya stadionlarında reklam işləri
təşkil etmək idi. Karyerasını bitirdikdən sonra kiçik kurort şəhəri Kaminyada gecə klubu alıb. Hər şey də elə buradan başlayıb. Faktiki olaraq hazırda Portuqaliyada “bazar"ı ələ keçirən Mendeşin bu sahəyə gəlişi təsadüfən olub. Gimarayeşin gecə barlarının birində gənc qapıçı Nunu ilə tanış olan Jorje bir ildən sonra şəxsi əlaqələri hesabına onun İspaniyanın “Deportivo" klubuna keçməsinə kömək edib. Nunu Portuqaliyada tanınmamış birisi idi. Onun kimi yüzlərlə qapıçı var idi. Amma Jorjenin sayəsində qısa müddətdə məşhurlaşdı. Nunu “Deportivo"da 5 mövsüm keçirsə də, cəmi 4 oyunda forma geyindi. Futbolçu karyerası ərzində o qədər də uğur qazana bilməyən, sonradan məşqçiliyi seçən və ötən ilə kimi “Valensiya"nı çalışdıran Eşpiritu Santu Jorje Mendeşin ilk müştərisi kimi tarixə keçdi.
Jorje Mendeş “Porto", “Benfika", “Real", “Monako", “Barselona", “Mançester Yunayted" və digər klublarla işbirliyi qurur. Demək olar ki, dünya bazarında hakimiyyət ona məxsusdur. Onun müştərilərinin adlarına və transfer bazarında gördüyü işlərə nəzər salmaqla bunu deməyə əsasımız var.
Ən məşhur müştəriləri: Kriştianu Ronaldo, Xose Rodriges, Anhel di Mariya, Radamel Falkao, Tyaqo Silva, Dieqo Kosta, Serxio Aquero, Joze Mourinyo, Pepe, Nani, Deku...

Mino Rayola

Mino Rayola gördüyü işlərlə yanaşı, xarizmatik görünüşü ilə də məşhurdur. İtaliya mafiozilərinə bənzədilən Mino İtaliyanın Noçera-İnferyore şəhərciyində dünyaya gəlib. Kiçik yaşlarında Hollandiyaya köçüblər. Burada 18 yaşına kimi futbolla məşğul olsa da, sonradan bui şin onluq olmadığını anlayıb və məşqçiliyə başlayıb. Buna kimi isə bir müddət ofisiant işləyib. Futbolçularla mütəmadi əlaqədə olan Mino həmçinin hüquq təhsili alıb. Agentliyin ona yaxşı qazanc gətirəcəyini bilən Minola ötən sərin 90-cı illərinin əvvəllərində bu bizneslə məşğul olmağa başlayıb. Həmin vaxt gənc holland futbolçuların İtaliyaya aparılmasında Minolanın əməyi böyük idi. Denis Berqkampın “İnter"ə, Pavel Nedvedin isə “Yuventus"a transferi Minolanın gələcəkdə dünyanın ən məşhur agentlərindən biri olacağına işarə idi. Üstəlik, bir çox ulduzların məhz onun əlaqələri sayəsində bir klubdan o biri kluba, özü də yüksək qiymətə keçidi bu insanın istedadından və işi dərindən bilməsindən xəbər verir.
Ən məşhur müştəriləri: Zlatan İbrahimoviç, Pol Poqba, Pavel Nedved, Dennis Berqkamp, Mario Balotelli, Maksvell, Mark van Bommel, Edison Kavani, Rafael Varan, David Trezege, Kristian Vyeri, Fernando Lloryente...

Pini Zaxavi

Bu sahənin ən qocaman üzvlərindən biri. Əslən yəhudi olan Zaxavi gənc yaşlarından jurnalistika ilə məşğul olmağa başlayıb. Jurnalistika onun üçün təkcə yradıcılıq məktəbi deyil, həm də tanınmış insanlarla əlaqə qurmaq üçün lazım idi. 1974-cü ildəki mündialdan sonra Qreem Suness və Kenni Dalqlişlə isti münasibət qurmağı bacaran Zaxavi 5 il sonra o vaxtlar üçün bir neçə məşhur futbolçunun transferində iştirakçı olmuşdu. 80-ci illərin sonlarında jurnalistikadan birdəfəlik ayrılan Zaxavi ciddi şəkildə futbol menecerliyi ilə məşğul olmağa başlayıb. Bir müddət ingilis futbolçularının transfer məsələlərini həll edən bu insan bu əsrin əvvəllərində daha böyük işlər görməyə başladı. O, futbolçuların deyil, klubların alqı-satqısında iştirak edirdi. Məsələn, Roman Abramoviçin Ken Beytsondan “Çelsi"ni almasında vasitəçi Pini Zaxavi idi. 3 il sonra isə “Portsmut"un Aleksandr Qaydamaka satılmasını da o təşkil etmişdi.
Ən məşhur müştəriləri: Karlos Tevez, Xavyer Maskerano, Joau Moutinyo, Tal Ben Xaim, Rio Ferdinand, Yap Stam, Xuan Sebastyan Veron...

Pere Qvardiola

Pep Qvardiolanın kiçik qardaşının menecerlik fəaliyyəti uğurlu alınıb. Əsasən “Barselona" və bu klubun yetirmələri ilə işləyən kiçik Qvardiola daha çox Luis Suaresin “Barselona"ya keçməsinə görə məşhurlaşıb.
Ən məşhur müştəriləri: Luis Suares, Tyaqo Alikantara...

Pyer Frelo

Frelo uzun illər PSJ-nin maliyyə direktoru işləyib. 2006-cı ildə Fransa polis ionu vergidən yayınmaqda ittiham edərək həbs olunmuşdu. PSJ və “Nike"nin vergidən yayınmaq üçün hələ 1998-ci ildə qurduğu planın üstünün açılmasından sonra Frelonun tutulması onun imicinə mənfi təsir göstərsə də, o, dövrünün ən məşhur futbol agentlərindən biri olaraq qalmaqda idi. PSJ-dən ayrıldıqdan sonra ciddi şəkildə menecerliklə məşğul olmağa başlayın Pyerin sonradan bu sahədə də vergidən yayındığı üzə çıxdı.
Ən məşhur müştəriləri: Didye Droqba, Floran Maluda, Maruan Şamax, Vilyam Qallas, Lorik Sana, Mövlud Erdinc, Blez Matuidi, Stiv Mandanda, Andre Ayu...

Vaqner Ribeyro

Əbəs yerə deməyiblər, güc birlikdədir. Braziliyalı menecer çox vaxt fransız həmkarı Pyer Frelo ilə birgə iş görür. Frelo-Ribeyro tandeminin indiyə kimi transfer bazarında gördüyü işlər ikincinin imicinə o qədər müsbət təsir etmişdi ki, sonralar Ribeyro təkbaşına futbolçu alqı-satqısı ilə məşğul olmağa başladı. Onun ən böyük transferi isə Robinyonun “Çelsi"yə, Neymarın isə “Barselona"ya satılması idi. Ribeyro həm də braziliyalı ulduzları Avropa bazarına “çıxarması" ilə ad-san qazanıb.
Ən məşhur müştəriləri: Robinyo, Neymar, Halk, Dieqo Luqano, Julio Baptista, Fabio Aurelio, İlsinyo, Ze Roberto, Markos Senna...

Alan Malyaçço

Fransanın ən bacarıqlı futbol agenti sayılır. Malyaççonun iş prinsipi çox sadədir. Hansısa futbolçunun “X" klubu ilə müqaviləsniin başa çatmasına 1-2 il qalmış mətbuatda xəbərlər dərc olunur ki, guya, həmin futbolçunun uşaqlıq arzusu hansısa məşhur “U" klubunda oynamaqdır. Nəticədə həmin futbolçunun “X" komandasındakı maaşı qaldırılır, ya da “U" klubuna yüksək qiymətə satılır. Vəssalam. Malyaççonun müştəriləri sıradan futbolçular deyil, dünya futbolunda ad-san çıxarmış ulduzlardır. Təəssüf ki, onların əksəriyyəti tez-tez qalmaqal iştirakçıları olurlar. Məsələn, Frank Riberinin yetkinlik yaşına çatmayan qızla “münasibət"ini, Zinəddin Zidanın Marko Materitsiyə kəllə atmasını, Erik Kantonanın “Kristall Pelas" azarkeşinə tpik vurmasını və digərlərini misal gətirə bilərik.
Ən məşhur müştəriləri: Erik Kantona, Zinəddin Zidan, Frank Riberi, Samir Nəsri, Yohan Qurkuff, Jeremi Menez, Sebastyan Skilaççi, Lüdovik Jüli...

Cüzeppe Botsso

Əsasən italiyalı futbolçularla işləyən Cüzeppe müştərilərinin “böyük beşlik" ölkələrinin çempionatlarına deyil, ikinci dərəcəli futbol ölkələrinin birinciliklərinə keçidi ilə məşhurdur. Botssonun müştəriləri kareyralarının qürub çağlarında, ya da formada olmadıqları vaxtlarda İtaliya klublarında ehtiyatda qalmalarından çəkindikləri vaxt gözlənilmədən digər ölkələrin çempionatlarında, əsasən də Rusiyada peyda olurlar. Yəni, Cüzeppe “dostları"nı işsiz və pulsuz qoymur. Bu da menecerlik fəaliyyətinin bir növü hesab olunur.
Ən məşhur müştəriləri: Fabio Kualyarella, Antonio Kassano, Simone Perrotta, Fabio Qrosso, Marko Motta, Reto Siqler...

Migel Santos

Santos dünyada Samuel Eto'Onun “Anji"yə keçidi ilə məşhur oldu. O, müştərisini Rusiyaya getməyə razı salmaqla və transferi həyata keçirməklə, menecerlik işini bacardığını sübut etdi. Doğrudur, onun müştəriləri arasında məşhur futbolçular azlıq təşkil edir. Lakin İspaniya futbolunda bu insana böyük hörmət əv inamla yanaşırlar.
Ən məşhur müştəriləri: Samuel Eto'O, Xabi Alonso, Mikel Arteta, Raul Tamudo...

Reza Fazeli

Əslən İrandan olan Reza Fazeli Almaniya vətəndaşıdır. Alman futbolçularla, əsasən də İran və Türkiyə əsillilərlə işləməyə üstünlük verir. Onun ən samballı “işi" Məsut Özilin “Real"a satılmasıdır. Digər futbol agentləri ilə müqayisədə Reza transfer bazarında o qədər də aktiv deyil. Lakin gördüyü işlərin faydasına və keyfiyyətinə söz ola bilməz.
Ən məşhur müştəriləri: Məsut Özil, Nuri Şahin, Hamit Altıntop, Halil Altıntop, Əli Əkrimi, Cavad Nekunam, Yıldıray Baştürk...

Xose Antonio Martin

Martin məşhur futbolçulardan yana 15-17 yaşlı gənclərlə işləməyə də üstünlük verir. Axı, gələcəyin ulduzları məşh onlar olacaqlar. Martinin müştəriləri klublarla uzunmüddətli müqavilə bağlamaları ilə digərlərindən seçilirlər. Bu. Onların həm ihsiz qalmamaları, həm də daim diqqət mərkəzində olmaları üçün əhəmiyyətlidir.
Ən məşhur müştəriləri: Fernando Torres, Xesus Navas, Pedro, Xavi Martines, Alvaro Dominges, Sesar Aspilikueta, Daniel Paçeko...

Roje Boli

Kot-d'İvuarın ən məşhur futbolçularından biri. “Lans"ın heyətində 7 il sərasər çıxış etmiş Boli bir mövsüm Liqa 1-in bombardiri olmuşdu. Onun 2001-ci ildə keçirdiyi vida matçında Zinəddin Zidan, Marsel Desayi, Erik Kantona, Jan Pyer Papen kimi futbolçular iştirak etmişdilər. Futbolçu karyerasını bitirdikdən sonra menecerliklə məşğul olmağa başlayan Bolinin müştərilərinin əksəriyyəti Afrika qitəsində yerləşən ölkələrdən çıxanlardır. Onun müştərilərinin çoxunun yaşı 30-u keçsə də, Rojenin sayəsində klubsuz qalmırlar. Amma tezliklə gəncləşdirmə siyasəti aparsa, daha çox qazanc əldə edə bilər.
Ən məşhur müştəriləri: Seydu Keyta, Didye Zakora, Ali Sissoko, Paskal Şimbonda, Qael Kakuta...

Mixael Zommer

Almaniyalı menecerin “menyü"sündə istənilən “dad"da futbolçu var. Hansısa klub istənilən mövqeyə futbolçu axtarsa, Zommer həmin kluba kömək edə bilər. Üstəlik, Mixael etdiyi transfnrlərdən sonra faizini almaqla kənara çəkilmir. Müştərisinin hər bir problemini həll etməkdə ona yardımçı olur. Futboldankənar sahədə olsa belə. Bu da kulablar və futbolçular arasında ona olan inamı artırır.
Ən məşhur müştəriləri: Dieqo Forlan. Leonardo Bonuççi, Benua Assu-Ekotto, Massimo Ambrozini, Luis Aqyar...

Nikola Damyanats

Bosniyalı Nikola futbolçu karyerası ərzində bir çox ölkələrdə çıış edib ki, bu da lazımi əlaqələrin qurulması baxımında əəmiyyətlidir. Bosniya. Rusiya, Hollandiya, Türkiyə, Braziliya komandalarının qapıçısı olmuş Damyanats karyerasını başa vurduqdan sonra “Lian Sports" adlı agentlik təsis etdi. Bu agentlik ikinci dərəcəli futbol çempionatlarında parlayan gənclərin top-komandalara transfer edilməsi yönümündə Avropada aparıcı mövqedə dayanıb. Söz düşmüşkən, İqor Mitreskinin “Neftçi"yə keçidi də Nikola Damyanatsın “işi" idi.
Ən məşhur müştəriləri: Stevan Yovetiç, Adam Lyaiç, Zvezdan Misimoviç, İvan Obradoviç, Marko Lomiç, Marko Panteliç...

Franko Vrankoviç

Xorvatiyalı menecerin əsas üsünlükləri Fransanın futbolçu bazarında nüfuza malik olması və bir çox məşhur futbol funksionerləri ilə, o cümlədən Arsen Venjerlə dostuq etməsidir. Yüksək səviyyədə əlaqələr ona Rusiyada da problemsiz fəaliyyət göstərməyə imkan verir. Təsadüfi deyil ki, Frankonun əsas müştəriləri arasında Rusiya klubları çoxluq təşkil edir.
Ən məşhur müştəriləri: Yaya Ture, Mamadu Nyanq, Qael Klişi, Denilson, Emmanuel Ebue, Eden Azar, Fred, jan Alen Bumsonq, Qreqori van der Vil, Andre Pyer Jinyak...

Pol Stertford

İngilis menecerin siyahısı geniş deyil. Amma Stertford səbəbkarı olduğu səs-küylü tarnsferlərlə öyünə bilər. Məsələn, Ueyn Runinin “Everton"dan “Mançester Yunayted"ə keçidini misal çəkmək olar.
Ən məşhur müştəriləri: Roberto Mançini, Ueyn Runi, Harri Rednapp, Daniel Agger, Cermeyns Cenas...

Conatan Barnett

Bu ingilisin də in prinsipi Pol Stertfordla demək olar ki, eynidir. Qısa siyahı, minimum müştəri. Gəl ki, yoluna qoyduğu bir transfer onu bütün dünyada məşhurlaşdırıb. Söhbət Qaret Beylin “Tottenhem"dən “Real"a keçidindən gedir. Necə deyərlər, az olsun, saz olsun.
Ən məşhur müştəriləri: Eşli Koul, Qaret Beyl, Lyuk Şou, Qlen Conson...

Covanni Brankini

İtaliyalı futbol agenti ötən əsrin 90-xı illərinin ortalarında məşhurlaşdı. “Əlinin altında" Ronaldo, Rui Koşta, Kafu kimi futbolçuları olan menecer qısa zaman kəsiyində çox məşhurlaşdı. İtaliya klublarının maliyyə probemləri ilə üzləşdiyi bir vaxtda Covanninin avtoriteti xeyli aşağı düşdü. Üstəlik, onun siyahısında olan futbolçular karyeralarını başa vurduqdan sonra Brankininin qazancı xeyli azaldı. Axı, bazarda yeni “əjdaha"lar peyda olmuşdular. Bir vaxtlar futbol bazarının aparıcı fiqurlarından olan italiyalı çətin ki, əvvəlki imicini geri qaytara bilsin.
Ən məşhur müştəriləri: Ronaldo, Rui Koşta, Kafu, Serjinyo, Dimirtio Albertini, Rikkardo Montolivio, Sebastyan Frey, Kristiano Lukarelli, Kristiano Zanetti...

Peppino Tirri

İtaliyalı daha bir futbol agenti 2001-ci ildə Qaiska Mendyetanın “Latsio"ya rekord məbləğdə transferindən sonra tanınmışdı. Bir il sonra isə Rivaldonun “Milan"a keçidi ilə daha da məşhurlaşdı. Onun bu fəaliyyəti “Real"ın prezidenti Florentino Perezin diqqətindən yayınmamışdı. 2004-cü ildə bir çox futbolçuların və məşqçilərin İtaliya - Madrid - İtaliya marşrutu ilə “hərəkət"inin səbəbkarı Tirri idi.
Ən məşhur müştəriləri: Qaiska Mendyeta, Rivaldo, Arriqo Sakki, Valer Samuel, Sisinyo, Estebyan Kambyasso, Uesli Sneyder, Tomas Qravesen...

Roman Qrill

Roman Qrill 11 il “Bavariya"nın əvəzedici komandasının müdafiəçisi olub. Əsas komandada oynamaq ona qismət olmayıb. Karyerasını başa furduqdan sonra FİFA ageti lisenziyasını alıb və menecerliklə məşğul olmağa başlayıb. O, həm də “Bavariya"nın Futbol Akaemiyasında çalışırdı. Bum əqam onun gəcələk işində uğur qazanmasına əhəmiyyətli dərəcədə təsir göstərib. Doğrudur, Roman dünyada o qədər də səy-küylü transferlər həyata keçirməyib. Amma onun müştəriləri bu insanın heç də sıradan futbol agenti olmadığını deməyə əsas verir.
Ən məşhur müştəriləri: Filipp Lam, Pyotr Traxovski, Ouen Harqrivz, Andreas Ottl...

Frenk Trimboli

Frenk əsasən ingilis futbolçularla işləyir. Onun siyahısı geniş deyil. Lakin müştərilərinin demək olar ki, hamısı tanınmış və bacarıqlı futbolçulardır.
Ən məşhur müştəriləri: Cek Uilşir, Leyton Beyns, Aaron Remzi, Qari Keyhill...
Haqqında bəhs edilənlərdən başqa dünyada az-çox tanınan bir çox futbol menecerləri də var ki, hamısı da özlərinə görə “çəki"yə sahibdirlər. Onlardan bir neçəsinin sadəcə. adlarını çəkməklə kifayətlənəcəyik - Kia Curabçan, Xines Karvahal, Sezari Kuxarski, Abdullah Kılınc, Oleq Artyomov, Aleksey Safonov, Tim Hager, Deri Deyn, Andrea D'Amiko, Bülent Hatipoğlu, və digərləri.

Hazırladı: NEMƏT

"Het-trik news" qəzeti

Digər xəbərlər