Qurban Qurbanov: "Bəzən referiyə etirazları taktiki gediş kimi edirdim" - Video

Qurban Qurbanov: "Bəzən referiyə etirazları taktiki gediş kimi edirdim" - Video
Futbol, Eksklüziv
29 İyul 2022 - 07:07
Supersport.Az Çempionlar Liqasında "Sürix"i yarışdan kənarlaşdıraraq Bakıya dönən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini videogörüntüyə alıb.


"Yenə də futbolçularımı təbrik etmək istəyirəm. İlk dəqiqələr gözləmədiyimiz kimi alınsa da, sonradan özümüzə gəldik və matçı sonadək düşündüyümüz kimi keçirdik. Sonda daha bir zərbə aldıq və yenidən toparlandıq. Bu, məni çox sevindirdi" deyən 50 yaşlı mütəxəssis hesab edir ki, bu cür oyunları komandanı böyüdür:

"Bu, bir daha göstərdi ki, futbol final fitinədək oynanılır və biz sonadək vuruşmalı, bir-birimizə güvənməliyik. Nəticə öz yerində, bu oyundan klub olaraq çox şey əldə etdik. Gələcəyimiz üçün faydalı olacaq".

Qurban Qurbanov, qarşılaşmanın baş hakimi Allard Lindhautun qərarlarına da toxunub:

"Ola bilər ki, karyeram ərzində referiyə ən çox etiraz etdiyim oyun oldu. Bəlkə də kənardan o qədər görünmürdü. Amma bəzi epizodlarda fitlər verilirdi. Bunun səbəbini bilmirdik. "Sürix" evdə oynadığından onlara qarşı simpatiya ola bilərdi. Bəzən etirazı taktiki gediş kimi edirdim. Dedim, qoy, düşünməsinlər ki, heç nəyi görmürük, bilmirik. Məncə, hardasa faydası da oldu. Dəfələlərlə dediyimiz şeylərdir. Ona görə də təkrar fikir bildirmək istəmirəm".

"Qarabağ"ın baş məşqçisi, Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"una qarşı keçirəcəkləri ilk oyun öncəsi heyətdəki itkilərdən də söz açıb:

"Buna da hazır olmalıyıq. Bütün matçlara optimal heyət və forma ilə çıxa bilmərik. Qarşıdakı günlərdə rəqibi tam tanıyandan sonra hansı addımları ata biləcəyimizi düşünəcəyik. Sadəcə, bilirik ki, Kadi Borges, Riçard Almeyda və Kevin Medina oynamayacaq. Bu, dəqiqdir. Əlimizdəki digər oyunçulara çox güvənirik. Buna uyğun dəyişikliklər edə bilərik".

Təcrübəli mütəxəssis "Sürix"lə görüşdə zədələnən Medinanın son durumunu da açıqlayıb:

"Böyük ehtimalla "Ferentsvaroş"la ilk oyunu buraxacaq. Buradan birbaşa MRT müayinəsinə gedəcək. Bəlkə də 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq".

Qeyd edək ki, "Qarabağ" "Ferentsvaroş"a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

Digər xəbərlər