"Böyük Dəbilqə" turnirinin açılış mərasimində Zəfərdən danışıldı

"Böyük Dəbilqə" turnirinin açılış mərasimində Zəfərdən danışıldı
Digər, Cüdo
05 Noyabr 2021 - 17:11
Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turnirinin açılış mərasimi keçirilib.

Supersport.Az-ın məlumatına görə, əvvəlcə Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini, jurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılıb. Azərbaycanda idman sahəsində, eləcə də cüdo üzrə qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.

Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan tədbirdə Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev iştirak edib.

Çingiz Hüseynzadə açılış mərasimində çıxış edərək Bakının artıq yeddinci dəfə bu nüfuzlu yarışa ev sahibliyi etdiyini bildirib:

"Bakıdakı budəfəki yarış fərqli şəraitdə keçirilir. Builki turnir "Zəfər Günü" ərəfəsində təşkil edildiyi üçün bunun idmançıların çıxışına müsbət təsiri olacaq. Eyni zamanda, bir sıra məhdudiyyətlərin hökm sürdüyü pandemiya şəraitinin də nəticələrə təsiri olacaq. Tokio Olimpiadası sübut etdi ki, tamaşaçısız da maraqlı yarış təşkil etmək olar. Olimpiadanın ən maraqlı yarışlarından biri də cüdo idi".

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev çıxışında Vətən müharibəsində Qələbənin birinci ildönümü ərəfəsində belə bir nüfuzlu yarışın əhəmiyyətini qeyd edib. R.Nəbiyev döyüş meydanında qazanılan tarixi Zəfər sayəsində torpaqlarımızın 30 ildən sonra işğaldan azad olunduğunu deyib. ACF rəhbəri bütün idmançılara ədalətli mübarizə və uğurlar arzulayıb.

Yarış iştirakçılarını salamlayan IJF-in prezidenti Marius Vizer, COVID-19 pandemiyası ilə əlaqədar azarkeşlərin arenaya buraxılmamasına təəssüflənsə də, cüdonun təbliği baxımından bu yarışın vacibliyini yüksək qiymətləndirib. O, turnirin beynəlxalq səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını bildirib, yarışı açıq elan edib.

Azərbaycan Respublikasının Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib.

Qeyd edək ki, "Böyük Dəbilqə"də 29 ölkədən 196 cüdoçu (129 kişi, 67 qadın) çıxış edir.

Digər xəbərlər