"Qarabağ" qitə yarışının 1/4 finalına vəsiqə qazana bilər" - Raqif Abbasov - Video

"Qarabağ" qitə yarışının 1/4 finalına vəsiqə qazana bilər" - Raqif Abbasov - Video
Futbol, Eksklüziv, Video
18 Oktyabr 2021 - 22:43

Supersport.Az-a açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Raqif Abbasov 8-ci dəfə qitə turnirində mübarizə aparan "Qarabağ" klubu haqda müsbət fikirlər səsləndirib.


Qarabağ komandasının peşəkar rəhbərliyilə yanaşı, təcrübəli məşqçilər heyəti, futbolçuları olduğunu xüsusi qabardan rəis, Ağdam təmsilçisinin UEFA Konfrans Liqasının qrup səddini keçəcəyinə, hətta 1/4 final mərhələsinə vəsiqə qazana biləcəyinə inandığını bildirib.


"Qarabağ" Avropa yarışında qrup lideridir. Hamımız komandamızdan qarşıdakı matçlarda uğurlu nəticə gözləyir. Azərbaycan klubunun Qazaxıstan çemponu "Kayrat"la iki oyunu həlledici olacaq. Maksimum nəticə qazanmaq mühümdür. "Qarabağ"da istər təcrübəli məşqçilər, istərsə də usta futbolçuların olması komandamızdan yüksək nəticə göstərməyi gözləməyə əsas verir. Ancaq bunun üçün bir neçə yol qət olunmalıdır. Hər rəqibə xüsusi hazırlaşaraq maksimal uğur əldə etmək, eyni zamanda zədələrdən özünü qoruyaraq, ölkə çempionatında, beynəlxalq yarışda sabit çıxış davam etdirilib hədəfə doğru irəliləmək labüddür. Bu gün klubda idarəçilik, menecment, marketinq sistemi yüksək səviyyədədir və futbolçuların tibbi, fiziki, psixoloji vəziyyəti üzərində iş aparılır. "Qarabağ" klubu Zəfər ili, günü ərəfəsində oyunların əhəmiyyətini dərk edir. İnanıram ki, təcrübəli mütəxəssis Qurban Qurbanovun çalışdırdığı komanda azarkeşlərin arzusunu ürəyində qoymayacaq, qrup mərhələsini də keçərək yeni tarix yazacaq. "Qarabağ" futbol komandasından daha böyük anlayışı özündə cəmləşdirir. Klubumuz təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə sevilir, başqa dövlətlərin də azarkeşlərinin rəğbətini qazanıb. "Qarabağ" beynəlmiləl komandadır, eyni zamanda düşmənlərə layiqli cavabdır, Azərbaycanda kollektiv idman növündə sevindirən yeganə futbol klubudur ki, bu da digər təmsilçilərimizə istiqamətverici rol oynayır, ruhlandırır".


İdman qurumunun rəhbəri, "Qarabağ"ın 1/4 finala vəsiqə qazanacağını ehtimal edib.


Digər xəbərlər