"Sabah"a 500 min manat ziyan

"Sabah"a 500 min manat ziyan
Futbol
05 Aprel 2021 - 21:23
Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "Sabah" klubu 2020-ci ili 582 000 manat xalis zərərlə başa vurub.

Supersport.Az xəbər verir ki, bu, 2019-cu ildəki zərərdən (397 000 manat) 185 000 manat çoxdur.

2020-ci ildə Masazır təmsilçisi əvvəlki illə müqayisədə 0,6% çox - 6 271 000 manat əməliyyat gəlirləri əldə edib. Bunun isə 4 300 000 manatını (8,2% az) reklam gəlirləri və sponsorlardan daxilolmalar təşkil edib.

2020-ci ildə klubun əməliyyat xərcləri isə 2019-cu ilə nisbətən 17,55% çox - 6 861 000 manat olub. Bunun isə 4 273 000 manatını (32,1% çox) əmək haqqı xərcləri təşkil edib.

Hesabat dövründə "Sabah" vidalaşdığı oyunçulara görə 58 000 manat zərərə düşüb. Halbuki 2019-cu ildə belə hal olmayıb. Bundan başqa, klub 8 000 manat (təxminən 58% az) maliyyə xərcləri çəkib, məzənnə fərqindən 7 000 manat gəlir əldə edib (1 il əvvəl zərər olub), mənfəət vergisi ödəmələrinə isə 67 000 manat (təxminən 78% çox) qənaət edib.

Bu il yanvarın 1-dək “Sabah"ın aktivləri 753 000 manat olub ki, bu da illik müqayisədə 17,35% azdır. Hesabat dövründə klubun öhdəlikləri 13,5% artaraq 699 000 manata çatıb, balans kapitalı isə 5,5 dəfə azalaraq 54 000 manata düşüb. O cümlədən nizamnamə kapitalı təxminən 4% artaraq 21 000 manat olub.

Qeyd edək ki, "Sabah" 2017-ci ildə yaradılıb. Komanda cari mövsüm Premyer Liqada 21 turdan sonra 19 xalla 7-ci pillədə qərarlaşıb. Klub 7 milyon manat büdcəyə rəğmən, hazırda turnir cədvəlində axırdan əvvəlki - 7-ci pillədə qərarlaşıb.

Digər xəbərlər