
Qurban Qurbanovdan çempionluq vədi: “Transfer məsələsi çox çətindir” – Video
Superport.Az Azərbaycan Premyer Liqasının 14-cü turunda “Sabah”ı məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun bəzi fikirlərini videogörüntüyə alıb.
– Hamımız futbol üçün darıxmışdıq. Koronavirus pandemiyasına görə narahatlıq var idi ki, birdən çempionat dayanar. İnşəAllah, bu xəstəlik tez bitər və azarkeşlərimiz stadiona qayıdar. Vacib oyuna çıxmışdıq. İstirahətdən qayıdılıb deyə, istədiyin oyunu meydanda görə bilmirsən və buna görə nəticə qazanmaq vacib olur. Rəqib fərqli sistemlə oynadı. Nə qədər çətin olsa da, futbolçularım işlərinin öhdəsindən gəldilər. Vaxt getdikcə daha yaxşı olacağıq.
“2021/22 mövsümündə 2,3,4-cü yeri tutan komandalar Konfrans Liqasında olacaq. Bu ilki çempionluğun daha vacib olduğunu düşünmürsünüz” sualına mütəxəssis belə cavab verib:
“Bu turniri gözləmək lazımdır. Yəqin ki, fərqli özəllikləri olacaq. Qarşımıza çempionluq hədəfi qoymuşuq. Ola bilər ki, büdcələri zəif olan komandalara bu turnir təsir edə bilər. Ancaq hələ məbləğ bəlli deyil. Gözləyək, görək nə olacaq. Çempionlar Liqası fərqlidir, hamımız ora fərqli yanaşırıq. Çalışırıq ki, yuxarı pilləni tutaq. Sona qədər mübarizə aparacağıq, qismətdirsə, çempionluq bizim olacaq”.
Baş məşqçi transfer məsələsinin çətinliyindən danışıb:
“İnanın ki, çox çətindir. Yaydan bu yana transfer barəsində passiv görünə bilərik, futbolçu tapmaq, onu razı salmaq çox çətindir. Bu gün heyətdə zədəli futbolçular var. Öz çempionatımızda da bizə oyunçu lazımdır. İstəyirik ki, uyğun bir transfer edək. Ola bilər indi alınmasın, yayda müqavilə bağlansın. Pandemiyadan sonra transfer etmək çətin oldu. Futbolçular da karyeralarını yaxşılaşdıra biləcəyi yerlərə getmək istəyir”.