“Qarabağ” 500 min də qazandı

“Qarabağ” 500 min də qazandı
Futbol
13 Yanvar 2021 - 09:49
2020/21 mövsümündə avrokubokların qrup mərhələsində iştirak edən klubların televiziya yayımından əldə etdikləri məbləğ açıqlanıb.

Supersport.Az-ın xarici mətbuata istinadən məlumatına görə, gəlir qazananlar rasında Azərbaycan çempionu “Qarabağ” da var.

Bu mövsüm Avropa Liqasının (AL) qrup mərhələsində mübarizə aparan Ağdam təmsilçisinin büdcəsinə 500 min avro əlavə etdiyi bildirilib.

“Qarabağ” bu baxımdan AL-in qrupundakı digər 47 komandadan yalnız dördündən (“Slovan” – 450 min, Sofiya MOİK-i – 420 min, “Riyeka” – 250 min, “Srvena Zvezda” – 80 min) çox pul qazanıb.

Avropa Liqası iştirakçıları arasında televiziya yayımından ən çox gəlir əldə edənlər İngiltərə təmsilçiləridir. “Tottenhem” bu baxımdan birinci (167 milyon avro), “Arsenal” ikinci (164 milyon), “Lester” isə üçüncü (140 milyon) sıradadır.

Çempionlar Liqasında (ÇL) mübarizə aparan komandaların sıralamasına da ingilislər başçılıq edir.

“Mançester Yunayted” büdcəsini yayımdan 187 milyon, “Mançester Siti” 177 milyon, “Liverpul” 172 milyon, “Çelsi” isə 167 milyon avro zənginləşdirib. İspaniya nəhəngləri “Barselona” (166 milyon) ilə “Real” (150 milyon) 5-6-cı pillələrdə yer alırlar.

Avropa Liqasının İ qrupunda “Vilyarreal”, “Makkabi” (Təl-Əviv) və “Sivasspor”la mübarizə aparan “Qarabağ” 1 xalla sonuncu yeri tutub. Təmsilçimiz ev oyunlarını Türkiyədəki “Başakşəhər Fatih Terim” stadionunda keçirib.

Digər xəbərlər