AİJF-in Şuşa arzusu: “Qalib xalqın nümayəndəsiyik”

AİJF-in Şuşa arzusu: “Qalib xalqın nümayəndəsiyik”
Digər
28 Dekabr 2020 - 08:40
Supersport.Az-ın məlumatına görə, yanvarın 10-da Milli Olimpiya Komitəsində keçirilən təqdimat mərasimində yaranışı elan olunan Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) ilk ilindəki fəaliyyətini dəyərləndirib.



Qurumun sosial səhifəsində məlumatda bu fikirlər yer alıb:

"Bu ilin əvvəlində yaradılmış AİJF-nin fəaliyyətində ilboyu idman mediası ilə bağlı müxtəlif tədbirlərin, görüşlərin təşkili nəzərdə tutulsa da, hazırki pandemiya şəraitində onların tam şəkildə reallaşdırılması mümkün olmayıb. Belə ki, ilin sonunda - dekabr ayı üçün təşkilatın planında Aqşin Kazımzadə və Mirpaşa Miriyev mükafatçılarını elan etmək, idman jurnalistlərinin iştirakı ilə qala-mərasimdə ilboyu fərqlənənləri təltif etmək və başqa məsələlər də var idi. COVID-19-un bütün dünyanı silkələməsi təşkilatımızın da müəyyən planları həyata keçirməsinə mane olub. Lakin sentyabrın 27-də başlayan və Vətən müharibəsində qazanılan tarixi zəfər 2020-ci ili möhtəşəm şəkildə başa vurmağa əsas verdi.
Şübhəsiz, bütün dünya üçün qeyri-adi və tənəzzül ili sayıla biləcək 2020-də idman və pandemiya Qarabağ mövzusundan arxa planda qaldı. Təsadüfi deyil ki, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, başqa əksər idman qurumları da reallığı nəzərə alıb idmansız ilin idman yekununa ehtiyac görmədilər. Diqqət etsək, görərik ki, əksər ölkələrdəki idman jurnalistləri təşkilatları da pandemiyalı və idmansız ilin ən yaxşılarını seçə bilməyiblər.
AİJF İdarə Heyəti bu il üçün sonuncu olan iclasında da qərara alıb ki, bu ilin qalibləri Vətən müharibəsində həm ön cəbhədə, həm də arxa cəbhədə fədakarlıq göstərmiş idman mediası və idmançılarımızdır. Çünki hər birimiz qalib xalqın nümayəndəsiyik. AİJF yanvar ayından Vətən müharibəsində iştirak etmiş idman jurnalistləri ilə görüşməyi və şəhid idmançıların ailələrini ziyarət etməyi planlaşdırır. Ümid edirik ki, gələn il idman mediasını Şuşada bir araya gətirmək və 2021-ni daha major notda başa vurmaq qismət olacaq. Hər birinizə uğurlar arzulayırıq, əziz həmkarlar".

Digər xəbərlər