“Zirə”nin qapıçısı rekordu təkrarladı

“Zirə”nin qapıçısı rekordu təkrarladı
Futbol
30 Noyabr 2020 - 11:17
“Zirə”nin qapıçısı Mateus Albino Premyer Liqada ardıcıl 4-cü quru oyununu keçirib.

Supersport.Az klubun "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, 25 yaşlı braziliyalı sonuncu dəfə oktyabrın 18-də “Sumqayıt”la səfər görüşündə (1:2) qol buraxıb. Ardınca “Qarabağ” (0:0), “Səbail” (0:0) və “Sabah”la (1:0) görüşlərdə qapısını toxunulmaz saxlayan cənubi amerikalı sonuncularla qarşılaşmanın uzatma dəqiqələrində qırmızı vərəqə alıb. Bu səbəbdən ötən turun “Keşlə” ilə matçını (3:1) buraxan Mateus quru oyunlar seriyasını XI turda davam etdirməli olub. “Neftçi” ilə qarşılaşmada (0:0) da qol buraxmayan Albino ardıcıl 4-cü belə oyununu keçirib.

Bununla da braziliyalı klub tarixinin Premyer Liqadakı rekordunu təkrarlayıb. 2015/16 mövsümündə Anar Nəzirov da ardıcıl 4 quru oyun keçirib. O, mövsümün ikinci yarısında “Sumqayıt” (1:0), “Rəvan” (4:0), “Xəzər Lənkəran” (1:0) və “Neftçi” (0:0) ilə matçlarda qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, Albino “Zirə”də keçirdiyi 9 oyundan beşində qol buraxmayıb.

Digər xəbərlər