"Qarabağ"ın "Makkabi"ylə oyunu sual altında: rəqibdə koronavirus şoku, çempionat dayandırılıb

"Qarabağ"ın "Makkabi"ylə oyunu sual altında: rəqibdə koronavirus şoku, çempionat dayandırılıb
Futbol
04 Oktyabr 2020 - 17:11
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Makkabi" ciddi problemlə üzləşib.

Komandanın 11 futbolçusunda koronavirus aşkarlanıb. Buna görə də Çempionlar Liqasının pley-offunda "Zalsburq"la səfər qarşılaşmasında "Makkabi" ehtiyat oyunçularıyla meydana çıxıb. İsrail klubu meydanında ilk görüşündə 1:2, rəqibinin arenasında 1:3 hesabıyla məğlub olub qitənin bir nömrəli yarışında mübarizəni dayandırdığından Avroliqada yarışacaq. 



İsraildə koronavirus yoluxması artdığından, daha üç klub bu problemlə üzlədiyindən futbol çempionatı noyabr ayına kimi təxirə salınıb.       

Avrokuboklarda iştirak edəcək komandalar istisna olmaqla 14 oktyabradək məşqlər qadağan olunub.

"Makkabi"ylə qarşılaşmanın ardından "Zalsburq", üç futbolçusunda koronavirus aşkarlandığı haqda məlumat yayıb. Avstriya çempionu bununla bağlı mübarizə tədbirləri görüldüyünü bəyan edib.

"Qarabağ" qrupun ilk turunda oktyabrın 22-i səfərdə "Makkabi"ylə qarşılaşmalıdır. İsrail klubuyla oyundan sonra Avstriya komandasında koronavirus aşkarlanması problemin ciddiliyini göstərir. Bu fakt da "Makkabi" - "Qarabağ" oyununun keçirilməsini sual altında qoyur.

Xatırladaq ki, Avropa Liqasının I qrupunda "Qarabağ"la birgə "Vilyarreal", "Sivasspor" və "Makkabi" mübarizə aparacaq.

 

Digər xəbərlər