Eksklüziv: UEFA biabırçı qərara hazırlaşır: “Qarabağ” - “Molde” oyunu neytral meydanda olacaq

Eksklüziv: UEFA biabırçı qərara hazırlaşır: “Qarabağ” - “Molde” oyunu neytral meydanda olacaq
Futbol, Eksklüziv
08 Sentyabr 2020 - 22:07
Supersport.Az-ın əldə etdiyi xəbərə görə, UEFA ölkəmizin futbolda markası “Qarabağ”ın əleyhinə qəbulolunmaz qərar verməyə hazırlaşır.

Saytımıza verilən məlumatda bildirilir ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində püşkün nəticəsinə əsasən Bakı keçirilməli olan oyunu Avropa qurumu neytral meydana təyin etmək fikrindədir. "Qarabağ" - "Molde" matçının Azərbaycanda deyil, başqa ölkədə təşkili nəzərdə tutulub. UEFA oyunla bağlı gözləmə mövqeyi tutsa da, matçın neytral meydanda keçiriləcəyinə qərar veriləcəyi bildirilir. Macarıstan, Sloveniya, Polşa, Kipr və ya Yunanıstan arasından seçim aparılacağı gözlənilir.

“Qarabağ”ın baş meneceri Asif Əsgərov Supersport.Az-a deyib ki, UEFA qərarını açıqlamasa da, “Molde”ylə qarşılaşmanın neytral meydanda keçirilmə ehtimalı artıb.

UEFA “Qarabağ” - “Molde” matçını neytral meydana təyin edəcəyi təqdirdə, bu biabırçı qərar ümumiyyətlə Azərbaycana qarşı böyük ədalətsizlik olacaq. Qitə qurumunun püşkünün nəticəsinə görə, qarşılaşmanın Bakıda keçirilməsi nəzərdə tutulsa da, Norveç klubu ölkəsində karantin qaydalarını əsas göstərərək, matçın neytral meydanda təşkilini istəyirdi. Əslində qarşılaşma sentyabrın 16-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılmalı idi.

"Molde" respublikamızdan qayıtdıqdan sonra ölkəsində 10 gün karantinlə üzləşəcəyini əsas gətirərək, "Qarabağ"la görüşün neytral meydanda keçirilməsi xahişi ilə UEFA-ya müraciət etmişdi. Azərbaycan çempionu Avropa futbol qurumuna, rəqib komandaya faktlarla oyunun Bakıda keçirilməsinin labüd olduğunu bəyan etmişdi.

UEFA üçüncü təsnifat mərhələsinin 7 matçıyla bağlı açıqlama versə də, "Qarabağ" - "Molde" qarşılaşmasıyla əlaqədar qərarı gecikdirib.

Qitə qurumu "Molde"nin işinin asanlaşdırılması üçün Norveç hökümətinə müraciət ünvanlasa da, mənfi cavab alıb. Adıçəkilən ölkə, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Mölde”nin oyunçularına geri qayıtdıqdan sonra karantində saxlanılmaması barədə xahişini rədd edib. Norveç hökuməti bu qərarla irqçilik və bərabərlik hüququnu pozub. Məsələ burasındadır ki, Norveç yığmasının oyunçuları dünən Şimali İrlandiya səfərinin ardından karantinə alınmayıb. Avropa Birliyi ölkələri üçün bu istisna kimi qəbul edilsə də, ədalətsizlikdir. Halbuki UEFA-nın şüarlarından biri bərabərlikdir. Bu, qurumun bayrağı altında olan bütün ölkələrə şamil edilir.

Norveç hökumətinin yalnız Avropa Birliyi ölkələrinə giriş-çıxış icazə verməsi irqçilik və bərabərlik hüququnun pozulmasıdır. Adıçəkilən dövlətin qərarı "Molde"nin xeyri üçün verilib.

UEFA-nın oyunla bağlı sabah qərar verəcəyi gözlənilir. 

 

Digər xəbərlər