Ramin Musayevdən sərt qadağalar: "Bunu kefdən eləmirik" - Video

Ramin Musayevdən sərt qadağalar: "Bunu kefdən eləmirik" - Video
Futbol, Video
12 Avqust 2020 - 17:33
Supersport.Az Azərbaycan Premyer Liqasının püşkatma mərasimində fikirlərini bildirən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin çıxışını təqdim edir.


"Tamaşaçıları, bütün futbol ailəsini salamlayıram. İnşAllah premyer liqa başlayacaq. Ötən çempionatın yarımçıq dayandırılması heç kimdən asılı deyildi. İnşAllah bu yarış sona kimi davam edər, problemlə üzləşmərik" deyən, qurum rəhbəri, komandaların oyun zamanı 5 yox, 3 əvəzetmədən istifadə edəcəyini, limitin dəyişməyəcəyini deyib. 

PFL prezidenti, klubların koronavirusa qarşı mübarizəyə xüsusi diqqət yetirməsini vacibliyini bəyan edib: 

"Klublardan ilk xahişimiz odur ki, koronavirusla mübarizəni heç vaxt unutmasınlar. Bu xəstəlik təkcə bizim üçün yox, bütün insanlara təhlükəlidir. Çempionatımızda heç bir problem yaranmaması naminə də xahiş edirik ki, verilən qərarlara çox diqqət ayrısınlar. İstər məşq, istərsə də oyunlar zamanı heç nəyi nəzərdən qaçırmaq olmaz. Klub nümayəndələri mütləq maskadan istifadə etməlidirlər. Bu, ilk tələbdir və buna mütləq əməl olunmalıdır. Ancaq baş məşqçi, meydandakı futbolçular, hakimlər və oyuna daxil olmaq istəyən oyunçular maskadan istifadə etməyə bilərlər. Oyundan əvvəl komandaların şəkil çəkdirməsi, hakimlərin, futbolçuların görüşməsi qadağan olunub. Bu, hər kəsin təhlükəsizliyini təmin etmək üçündür. Heç birimiz bunu kefdən eləmirik. Bunu fikirləşib əməl edəsiniz".

Avrokuboklarda yarışda iştirak edəcək təmsilçilərimizə məsləhət verən qurum rəhbəri, hesab edir ki, zəif komanda yoxdur:

"Bütün klublarımıza uğurlar arzulayıram. Mətbuatda yazırlar ki, püşk avrokuboklardakı təmsilçilərimizə düşərli oldu. Ancaq futbolçular bunu oxuyub arxayınlaşmasınlar, zəif rəqib yoxdur. Unutmayaq ki, qitə turnirlərinə vəsiqə qazanan komandalar təsadüfən bu yarışlara vəsiqə qazanmayıb. Futbolçular ölkəni təmsil etdiklərini də yaddan çıxarmasınlar. Hamımız sizə azarkeşlik edəcəyik".

PFL prezidenti, oyunları canlı izləməyə qadağayla bağlı azarkeşlərə də səslənib:

"Azarkeşlər, futbolda iştirakla bağlı qadağaya görə bizdən inciməsinlər, bizi də başa düşün. Bütün oyunlar televiziyada canlı yayımlanacaq. Nə qədər ki, koronavirusla əlaqədar problem var, azarkeşlərin stadionlara gəlməsinə ehtiyac yoxdur. Hazırkı durumla barışmalıyıq, buna görə incimək olmaz. Mətbuat nümayəndələrindən də xahiş olunur ki, qaydalara əməl etsinlər".

Digər xəbərlər