AFFA-dan açıqlama: "Əl-qolumuz bağlıdır, heç nə edə bilmirik"

AFFA-dan açıqlama: "Əl-qolumuz bağlıdır, heç nə edə bilmirik"
Futbol, Eksklüziv
30 İyun 2020 - 17:00
"Prezident İlham Əliyev insanların sağlamlığını əsas saydığından məşq tələbini irəli sürmək düzgün deyil"

Koronavirus pandemiyası dünyanı çətin vəziyyətə salıb.

Ölkəmizdə də bu xəstəliyin sürətlə yayılması bütün sahələrə mənfi təsir göstərib.

Bu səbəbdən respublikamızda iyunun 21-dən iyulun 5-dək sərt karantin rejimi elan olunub. Bundan başqa, xüsusi karantin müddəti avqustun 1-dək artırılıb.

Avrokuboklarda ölkəmizi təmsil edəcək premyer liqanın səkkizqat qalibi "Qarabağ", "Neftçi", "Keşlə", "Sumqayıt" ciddi problemlə qarşılaşıb. Məhdudiyyətlər olduğundan komandalar hazırlıq keçə biləməyərək, məcburi istirahətə getməli olublar. Azərbaycan avqustda başlayacaq Çempionlar Liqasında "Qarabağ", Avroliqada isə "Neftçi", "Keşlə", "Sumqayıt"la təmsil olunacaq.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, Azərbaycan İdman Jurnalistləri Federasiyasının vitse-prezidenti Firuz Abdulla Supersport.Az-a açıqlamasında futbol qurumunun ağır vəziyyətdən ciddi narahat, klublara kömək etmək niyyətində olduğunu bildirib:

"İyulun 5-dək kəskin, sərt karantin dövrüdür, heç nə edə bilməyəcəyik. Hətta iş yerlərindən icazə alanlar limiti keçdiyi üçün iznləri ləğv olunub. AFFA rəhbərliyi Nazirlər Kabinetinin Operativ Qərargahıyla hər zaman mütəmadi əlaqə saxlayır. Ölkə rəhbəri İlham Əliyev deyib ki, indiki halda insanların sağlamlığı əsasdır, iqtisadiyyat yox. Belə vəziyyətdə idman amilini gündəmə gətirib məşq etmək tələbini irəli sürmək düzgün deyil. Özünüz də görürsünüz ki, bütün sahələr dayanıb, durğunluqdur. Ümid edirəm ki, növbəti qərarda sərt karantin rejimi başa çatdırılsa, bu məsələylə bağlı nəsə demək, etmək olar. AFFA da istəyir ki, komandalar hazırlaşsınlar, heyəti komplektləşdirsinlər. Problem tək məşqlə bağlı deyil. Tələblər, transfer məsələsi də var. Futbolçular gedir, yerinə başqaları cəlb olunmalıdır. Yeni legionerlərin ölkəyə gəlmək məsələsinin olduğunu unutmamalıyıq. Bütün bunlar diqqət mərkəzindədir. Ancaq indiki vəziyyətdə əl-qolumuz bağlıdır, heç nə edə bilmirik. AFFA da istəyir ki, klublarımız Avrokuboklara yüksək səviyyədə hazırlaşsın, uğur qazansın, ölkəmizə faydalı olsun".      

 

 

 

Digər xəbərlər