“Turan Kuboku”: “Qarabağ”la “Neftçi” də mübarizə aparacaq

“Turan Kuboku”: “Qarabağ”la “Neftçi” də mübarizə aparacaq
Futbol
07 İyun 2020 - 12:37
Türkdilli ölkələrin klubları arasında yeni futbol turniri keçirilə bilər.

Supersport.Az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının Xarici Əlaqələr Komitəsinin üzvü Gürkan Teoman yerli mətbuata açıqlamasında belə bir təklif verildiyini bildirib.

O, klubların “Turan Kuboku” adlı turnirdə böyük təcrübə, maddi gəlir qazana biləcəyini, artıq ilk addımın atıldığını, bununla bağlı heyət formalaşdığını da deyib:

“Bu turnir milli çempionatlara mane olmayacaq. Ölkələr arasında idman turizmi, digər əlaqələr güclənəcək. Turnir klublar arasında əməkdaşlığı gücləndirə və bu da yeni transferləri asanlaşdıra bilər. Eyni zamanda klubların əməkdaşlığı nəticəsində futbolçular, texniki və inzibati heyət arasında məlumat mübadiləsi olacaq. Klubların həkimləri də bir-birindən yeni nəsə öyrənə bilər”.

Federasiya rəsmisi hesab edir ki, “Turan Kuboku” klublara teleyayım və reklam gəlirləri də qazandıracaq.

Yarışa 11 türk dövlətindən təmsilçilər qatılacaq.

Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər bir neçə türkdilli xalqların komandalarının iştirakı planlaşdırılır.

“Turan Kuboku”nun ən azı 12 sponsoru olacağı, milyonçu şəxslərin də dəstək verəcəyi bildirilir.
Azərbaycandan yarışda “Qarabağ”la “Neftçi”nin mübarizə aparacağı gözlənilir.

Digər xəbərlər