Elxan Məmmədovun yalanı

Elxan Məmmədovun yalanı
Futbol, Yazarlar
24 Fevral 2020 - 20:26
Futbol təsərrüfatına gələndə sarışın və çəlimsiz idi. Burda təcrübə topladıqca, istedadlı dələduz olmağın sirlərini öyrəndikcə, qırmızılaşdı.

Sözün bütün mənalarında qırmızılaşdı. Həm sir-sifəti, həm də xarakteri. Necə deyərlər, üzü üzlər gördü, o qədər yalan eşitdi, o qədər yalan danışdı ki, bütün nitqi qırmızıya boyandı. Qırmızı yalana.

İndi iş qırmızılıqdan da keçib. İndi qıpqırmızı yalan danışır. Dünən qırmızı yalanları Azərbaycanın futbol ictimaiyyətinə danışırdı. Bu gün dövləti aldadır qıpqırmızı yalanları ilə.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovu deyirəm. Bu qoçağım görün nə deyib: “Avropa Liqasının finalı ərəfəsində Təşkilat Komitəsinə suvenir lazım idi. Amma bu sahə ilə məşğul olan yerli şirkət tapılmadı”.

Elxan Məmmədov bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və AFFA-nın təşkilatçılığı ilə keçirilən “AVRO 2020: KOB-lar üçün perspektivlər” mövzusundakı tədbirdə deyib. O, məcburiyyətdən, tədbir başlar-başlamaz xarici şirkətdən suvenirlərin sifariş olunduğunu söyləyib: “4 gündən sonra bütün mallar satıldı. Oyun günü heç bir suvenir qalmamışdı”.

Yalan deyir. Özü də gözünün içinə qədər. Azərbaycanda milli suvenirlər hazırlayan saysız-hesabsız şirkətlər var. Üstəlik, ölkənin bütün bölgələrində bu işlə məşğul olan sənətkarlar fəaliyyət göstərir. Elə bu sahənin müxtəlif növləri ilə məşğul olan xeyli rəssamı mən tanıyıram. Böyük ehtimalla, onları Elxan Məmmədovun atası Salhab Məmmədov da tanıyır.

Amma Elxan Məmmədov tanımır. Axtarıb, axtarıb tapa bilməyib, milli suvenirlər hazırlayan şirkətləri və üz tutub xaricə. Necə ki, axtarır, axtarır, Azərbaycanda məşqçi tapa bilmir və gedib xaricdən illik 2 milyon avroya məşqçi tapıb gətirir, deyir ki, bir xal qazansaq, halal xoşun olsun ölkədən apardığın valyuta.

Bu adam qıpqırmızı yalan danışır. Dövlət qurumlarına da. Gözümüzün içinə baxa-baxa yalan danışır. Bu adam hətta suvenir hazırlamaq üçün də əcnəbilərə sifariş göndərir. Bundakı əcnəbi sevgisinin səbəbi də bəllidir yəqin ki.

Məqsəd hansı yolla olursa-olsun ölkədən valyuta çıxartmaqdır. Ölkədən çıxarılan o valyutanın da müəyyən hissəsi kimlərinsə xaricdəki bank hesablarına köçürülür.

Elxan Məmmədovun yalanları qırmızılıqdan keçib daha. İndi qıpqırmızı yalanlar danışır. Bundan sonrakı mərhələdən Allah saxlasın.

Natiq Muxtarlı, sportinfo.az

Digər xəbərlər