"Azərbaycan premyer liqasının nəyinə baxım?" - Video

"Azərbaycan premyer liqasının nəyinə baxım?" - Video
Futbol, Eksklüziv, Video
04 Yanvar 2020 - 10:01
Supersport.Az-a müsahibəsində təcrübəli mütəxəssis Vaqif Paşayev futbolumuzun indiki vəziyyətiylə əlaqədar həyəcan siqnalı verib.


"Sumqayıt"ın akademiyasında (13, 14, 15 yaşlılar üzrə) koordinator vəzifəsində çalışan 66 yaşlı ekspert, uşaq futbolunun, premyer liqanın hazırkı durumundan çox narahat olduğunu bildirib.

Mütəxəssis hesab edir ki, uşaq futbolunda problemlər müxtəlif yığma komandalarımıza mənfi təsir edir:

"Ölkəmizdə istedadlı futbolçular çoxdur. Futbolçunu öyrədən, yetişdirən məşqçidir. 15 yaşına kimi oyunçuları hazırladıqdan sonra davamını gətirməkdə ciddi problemlər olur. Bu baxımdan peşəkar məşqçilər azdır. Uşaqların keçid dövründə onlar düzgün hazırlanmır. Bu zaman psixologiyalarına bələd olan mütəxəssis olmadıqda bəzi istedadlı oyunçular inciyərək ayrılırlar ki, bu da futbolumuza ağır zərbələr vurur. Yaddan çıxarmaq olmaz ki, uşaq futbolu olmayan yerdə güclü yığma ola bilməz. Vaxtilə gənc yaşlarında Rəşad Sadıqov, Ceyhun Sultanov, Saşa Yunusoğlu, Vaqif Cavadov həm premyer liqa, həm də milli komandada oynayırdı. Hazırda isə 20-22 yaşında futbolçular ehtiyatda otururlar. Təməldən çox şey asılıdır".

Təcrübəli futbol adamı, premyer liqamızın səviyyəsinin aşağı olmasından şikayətlənib:

"Futbolçu olsaydım, bəlkə də boş tribunalar qarşısında meydana çıxmazdım. Futbol kimin üçün oynanılır? Azarkeş yoxdursa, nədən söhbət etmək olar? "Qarabağ" Avropa yarışında oynayanda böyük maraq olur, əksər vaxt bilet tapmaq olmur. Azarkeşlər səviyyəli futbol görmək istəyirlər. Mən özüm çempionat oyunlarında stadiona getmirəm. Premyer liqanın nəyinə baxacağam? Belə çempionatla "Qarabağ"ın Avrokubokların qrupuna düşməsi böyük uğurdur. Premyer liqanın səviyyəsi komandaya mənfi təsir edir, futbolçular həvəsdən düşür, nəticədə qitə turnirində oynamaq çox çətinləşir. Digər tərəfdən, bütün komandaların çempionluq haqda düşünməsi düzgün deyil. Yığma komandalar üçün də futbolçu hazırlanmalıdır".

 

Digər xəbərlər