Avro-2020-nin püşkü - Türkiyə yığması Bakıda oynayacaq

Avro-2020-nin püşkü - Türkiyə yığması Bakıda oynayacaq
Futbol
30 Noyabr 2019 - 21:54
Bu gün 2020-ci ildə keçiriləcək Avropa çempionatının püşkü atılıb.

Supersport.Az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə təşkil edilən tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Turnirdə iştirak edəcək 24 komanda 4 səbətə bölünüb. Qitə çempionatına seçmə mərhələdən vəsiqə qazananlar ilk üç səbətdə, Millətlər Liqası vasitəsilə  iştirak hüququ qazanacaq komandalar isə dördüncüdə olub.

Final mərhələsinə çıxa bilən Avro-2020-nin meydan sahibləri olan millilər öz meydanlarında ən azı iki oyun keçirmək üçün müvafiq qruplara düşüblər.

İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels,  iyunun 21-də isə İsveçrə - Türkiyə matçları paytaxtımızda olacaq.

1/4 final mərhələsinin bir oyunu da Bakıda keçiriləcək.

A qrupu

İtaliya (ev sahibi), Türkiyə, İsveçrə, Uels.

B qrupu

Rusiya (ev sahibi), Danimarka (ev sahibi), Belçika, Finlandiya.

C qrupu

Niderland, Ukrayna, Avstriya, A və ya D Liqasının qalibi

D qrupu

İngiltərə (ev sahibi), C Liqasının qalibi, Xorvatiya, Çexiya.

E qrupu

İspaniya (ev sahibi), B Liqasının qalibi, Polşa, İsveç.

F qrupu

Almaniya (ev sahibi), A və ya D Liqasının qalibi, Fransa, Portuqaliya

Xatırladaq ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Niderland), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.

Anar Cəfərov

Digər xəbərlər