Yığmamızın 5 üzvü kənarlaşdırıldı

Yığmamızın 5 üzvü kənarlaşdırıldı
Digər, Cüdo
21 Noyabr 2019 - 17:03
Noyabrın 22-dən 24-dək Yaponiyanın Osaka şəhərində keçiriləcək "Böyük dəbilqə" turnirində cüdoçularımızın rəqibləri müəyyənləşib. Mötəbər yarışda 87 ölkədən 486 idmançı mübarizə aparacaq.

Supersport.Az-ın məlumatına görə, Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycanı 8 kişi və 5 qadın cüdoçu təmsil edəcək.

Turnirin birinci günündə kişilər arasında onaltıdabir finalda Kəramət Hüseynov (60 kq) Belarus təmsilçisi Yanislav Gerçev, Davud Məmmədsoy italiyalı Elios Manzi ilə qarşılaşacaq.

66 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə Naton Börns (İrlandiya) - Beslan Muradov (Rusiya) cütünün qalibi, Orxan Səfərov isə otuzikidəbir finalda Jülyen Fraskador ilə (Kanada) qüvvəsini sınayacaq.

Qadınların yarışında onaltıdabir finalda 48 kiloqram çəki dərəcəsində Leyla Əliyeva Edna Karrillo (İtaliya), Aişə Qurbanlı Harriet Bonfeys (Malavi), 52 kiloqram çəki dərəcəsində çıxış edən Gültac Məmmədəliyeva isə Kristina Blanaru (Moldova) ilə mübarizə aparacaqlar.

"Böyük dəbilqə" turnirinin ikinci günündə onaltıdabir finalda qadınların yarışında Aleksandra-Larisa Florian (57 kq) yaponiyalı Tsukasa Yoşida, İçinxorloo Munxtsedev isə Po Sum Leunqu (Honkonq) ilə üz-üzə gələcəklər. Kişilərin mübarizəsində isə Murad Fətiyev (81 kq) otuzikidəbir finalda Vladimir Zoloyev (Qırğızıstan) ilə üzləşəcək.

Yarışın son günü onaltıdabir finalda 90 kiloqram çəki dərəcəsində Məmmədəli Mehdiyev Harisson Kassar (Avstraliya) - Deril Servan Yamomoto (Peru) cütünün qalibi, 100 kiloqram çəki dərəcəsində isə Elmar Qasımov Sedrik Olivar (Fransa) - Georgi Minaşkin (Estoniya) cütünün qalibini sınağa çəkəcək. Zelim Kotsoyev otuzikidəbir finalda Karl-Riçard Freylə (Almaniya) qarşılaşacaq.

Qeyd edək ki, komandamızın heyətinə əvvəl Oruc Vəlizadə (60 kq), Telman Vəliyev (73 kq), Hidayət Heydərov (81 kq), Uşanqi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) daxil edilsə də, sonradan heyətdən çıxarılıblar.

 

Digər xəbərlər