İki güləşçimiz dünya çempionatının finalında

İki güləşçimiz dünya çempionatının finalında
Digər, Güləş
21 Sentyabr 2019 - 19:55
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Supersport.Az saytı Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, səkkizinci yarış günündə sərbəst güləş üzrə 61, 79, 86 və 97 kq-da mübarizəyə start verilib.

Mübarizəyə 1/8 finaldan qoşulan Əhmədnəbi Qvarzatilov sensasiyaya imza ataraq kubalı dünya çempionuna qalib gəlib və 1/4 finala yüksəlib. İranlı pəhləvanla qarşılaşma dramatik keçib. Qarşılıqlı xalların olduğu görüşdə rəqib sevinən tərəf olub.

Cəbrayıl Həsənov da mundiala 1/8 finaldan start verib. Yığmamızın kapitanı Ukrayna güləşçisini yenərək 1/4 finala adlayıb. Bu mərhələdə yerli idmançını da devirən Həsənov yarımfinala vəsiqə qazanıb. Təcrübəli güləşçimiz slovakiyalı rəqibin də öhdəsindən gələrək ardıcıl 2-ci dəfə dünya çempionatının finalında iştirak hüququ qazanıb. Cəbrayıl qızıl medal uğrunda amerikalı Karl Daykla mübarizə aparacaq.

Aleksandr Qostiyev ilk görüşdə Özbəkistan idmançısına məğlub olub.

Şərif Şərifov təsnifat mərhələsində Koreya güləşçisini üstələyib. Olimpiya, dünya və Avropa çempionumuz Ukrayna güləşçisinə də gücünü göstərərək adını 1/4 finala yazdırıb. Titullu pəhləvanımız ötən il dünya çempionatının 1/4 finalında Aslanbek Alborova qalib gəlmiş Elizbar Odikadzeni üstələyərək yarımfinala yüksəlib və bununla da Olimpiadaya lisenziyanı təmin edən ilk sərbəst güləşçimiz olub. Şərif Şərifov amerikalı Kayl Snayderi də məğlub edərək adını finala yazdırıb.

Qeyd edək ki, final qarşılaşmaları sentyabrın 22-də Bakı vaxtı ilə 16:00-da başlayacaq və İTV vasitəsilə canlı nümayiş etdiriləcək.

61 kq
1/8 final - Əhmədnəbi Qvarzatilov - Yovlis Bonne Rodriger (CUB) 7:0
1/4 final - Əhmədnəbi Qvarzatilov - Behnam Eşaq Ehsanpur (İRİ) 12:13

79 kq
1/8 final - Cəbrayıl Həsənov - Dmitri Tkaçenko (UKR) 7:0
1/4 final - Cəbrayıl Həsənov - Qalimjan Usserbayev (KAZ) 13:4
1/2 final - Cəbrayıl Həsənov - Teymuraz Salkazanov (SVK) 4:3
FİNAL - Cəbrayıl Həsənov - Kayl Dayk (USA)

86 kq
Təsnifat - Aleksandr Qostiyev - Cavrail Şapiyev (UZB) 1:4

97 kq
Təsnifat - Şərif Şərifov - Minvon Seo (KOR) 11:4
1/8 final - Şərif Şərifov - Valeri Andreytsov (UKR) 4:0
1/4 final - Şərif Şərifov - Elizbar Odikadze (GEO) 6:0
1/2 final - Şərif Şərifov - Kayl Snayder (USA) 5:2
FİNAL - Şərif Şərifov - Abdulrəşid Sadullayev (RUS)

Digər xəbərlər