Dua, qeyrət, ümid - Türklərin zəfərinin sirri

Dua, qeyrət, ümid - Türklərin zəfərinin sirri
Futbol
09 İyun 2019 - 11:37
Supersport.Az xəbər verir ki, Avro-2020-nin seçmə mərhələsində evdə dünya çempionu Fransanı məğlub edən Türkiyə millisinin baş məşqçisi Şenol Günəş qələbəni şərh edib.

"Allah kömək etdi. Yaxşı nəticəyə ümidli idik. Qələbəyə layiq oyun nümayiş etdirdik. Komandamız həm ümid, həm də xoşbəxtlik vermək üçün buradadır. Bunu həyata keçirmək hamımızı qürurlandırır. Azarkeşlərimiz möhtəşəm idi. Belə atmosferdə oynamaq daha xoş olur.


Rəqibimiz güclü olduğu üçün motivasiyamız yerində idi. Dünya ulduzlarının cəmləşdiyi bir komandanı udduq. Onların səviyyəsində deyilik. Biz sadəcə, matçı qazandıq. Hesab fərqli də ola bilərdi. Oyunun əvvəlindən sonuna qədər intizamlı oynadıq. Həyəcanımız, coşqumuz normal idi. 
Keçmiş statistikalar artıq geridə qaldı. Bəli, bu rəqib uzun zamandır uduzmurdu, ancaq hamısı bitdi, bunlar sadəcə söhbətlərdir. Üç xal qazandıq, liderik. İslandiyaya qalib gəlsək və ya heç-heçə etsək, yerimizi qoruyarıq" - deyən təcrübüəl mütəxəssis Ş.Günəş, möhtəşəm azarkeş dəstəyinin böyük rolunu xüsusi qabardıb:

"Dünyanın harasında olursa olsun, Türk insanın komanda ilə eyni hissdə olduğunu bilirəm. Dua, qeyrət, ümid – meydanda bir ssenari idi. Azarkeşlərin isti münasibəti, möhtəşəm dəstəyi çox köməyimiz oldu, rəqib təzyiq altına düşdü. Bu, hər zaman belədir. Türkün birləşərək bacarmadığı iş yoxdur. Bu işin idman prinsiplərindən başqa, mental tərəfi də var. İstədiyimiz oyunu göstərə bilsək, hər işi bacaracağımızı düşünürəm. Buna görə də Avropa çempionatına getməliyik. Dünya çempionatına da qatılmalıyıq. Hələ işin başlanğıcındayıq. Bu, bizim ortaq hədəfimiz, xəyalımızdır. Final mərhələləri haqda danışmaq tezdir. Türkiyənin Fransa üzərində qələbəsi şişirdilməməlidir. Dünya çempionunu məğlub etməyin bir anlamı yoxdur. Bu media üçün mövzudur, bizim üçün öməmli deyil. Avropa çempionatına gedib özümüzü göstərməliyik. Bizim rəqib indi Fransa yox, İslandiyadır. 1 xal da qazansaq, zəif nəticə olmayacaqdı. Arxa xətdə oturmaqla futbol olmaz. Həm hücum, həm də müdafiədə ciddi oynamaq mühümdür".

Xatırladaq ki, Avro-2020-nin seçmə mərhələsində hər üç oyunda qalib gələn Türkiyə millisi 9 xalla qrup lideridir.

 

 

Digər xəbərlər