Dünya Güləş Birliyinin vitse-prezidenti Bakıda

Dünya Güləş Birliyinin vitse-prezidenti Bakıda
Digər, Güləş
28 Mart 2019 - 00:04
Dünya Güləş Birliyinin vitse-prezidenti, Avropa Güləş Federasiyasının başçısı Tseno Tsenov martın 26-dan ölkəmizdə rəsmi səfərdədir.

Supersport.Az-ın məlumatına görə, Azərbaycan Güləş Federasiyasının rəhbərliyi ilə görüşən UWW rəsmisi Bakıda bir neçə otelin şəraiti ilə tanış olub və Heydər Əliyev adına İdman-Konsert Kompleksinə baş çəkib. Belə ki, AGF gələn il martın 19-dan 22-dək baş tutacaq Avropa Olimpiya Təsnifat turnirini təşkil etmək üçün namizədliyini irəli sürüb. Beynəlxalq yarışları keçirmək təcrübəsi zəngin olan ölkəmiz Olimpiadaya lisenziya verən bu turniri də yüksək səviyyədə təşkil etmək əzmindədir. Elə T.Tsenov da müşahidələrinə əsasən, Bakıdakı idman infrastrukturundan razılığını dilə gətirib. AGF-nin rəhbəri Namiq Əliyev də öz növbəsində qonaqla görüşdə təsnifat turnirinin bundan əvvəlki yarışlar kimi ən yüksək səviyyədə keçiriləcəyinə təminat verib. Buna misal kimi Bakıda keçirilən güləş üzrə dünya və Avropa çempionatını, “Qızıl Qran-pri”ləri göstərmək olar. Bakıda gördüklərindən məmnun qalan qonaq sabah ölkəmizi tərk edəcək.

Qeyd edək ki, Bakı ilə yanaşı, namizəd şəhərlər arasında Zrenyanin (Serbiya), Roma (İtaliya) və Budapeşt (Macarıstan) də var. Bu yarışda hər çəki üzrə finalçılar Tokio-2020-yə lisenziya qazanacaq.

Digər xəbərlər