Video: Ağdama Qayıdış İdman Klubunun rəhbəri Sehriman Ağayev: "Dünya, olimpiya çempionları yetişdirməliyik"
Ağdamın Şəhər Günü - 4 ildir erməni işğalına son qoyulan gündür, bu gün.
Azərbaycanın idmanın məşhur simalarından biri Sehriman Ağayev Ağdama Qayıdış İdman Klubu təsis edib.
50 yaşlı mütəxəssislə "Nəsimi" metrosunun yaxınlığındakı "Sambo 2003" klubunda görüşdük, açıqlama aldıq, məşqindən videogörüntü çəkdik.
Ağdama Qayıdış İdman Klubunun prezidenti Sehriman Ağayev ilk olaraq söhbətə belə başladı:
"Ağdam işğaldan azad olunduqdan sonra bu klubu təsis etmək zərurəti yarandı. Hələ ki, Bakıda fəaliyyət göstəririk. Allahın izniylə Ağdamda bərpa işləri bitəndən sonra orda işimizi davam etdirəcəyik".
Ağdam sambosunun dünya miqyasında fərqləndiyini xatırladan təcrübəli məşqçi, məqsədlərinin məşhur idmançılar hazırlamaq olduğunu diqqətə çatdırıb.
"Ağdam sambosu dünyada sözünü deyib. Beynəlxalq yarışlarda böyük uğurlar qazanılıb. Keçmiş SSRİ məkanında 4 ixtisaslaşmış məktəbdən biri Ağdamda olub.
Allah rəhmət eləsin, məşhur mütəxəssimiz Əbülfəz Əliyevə. Əbülfəz müəllim Ağdamda sambo məktəbinin banisi idi. Onun yolunu getməyə çalışırıq. İnşAllah Ağdama qayıdışdan sonra Əbülfəz Əliyev adına Ağdam Sambo Məktəbi açmağı düşünürəm. Gələcək nəslə idmanı aşılamaq, müsbət ənənəni davam etdirmək, onları pis vərdişlərdən kənarlaşdırmaq mühümdür.
Ağdamda məşhur mütəxəssislərdən Əbülfəz Əliyevlə yanaşı, Mübariz İbrahimovun sambomuzun inkişafında böyük xidmətləri olub.
SSRİ, Azərbaycanın əməkdar məşqçisi Əbülfəz müəllimin yetirməsi Ceyhun Məmmədov 7 qat dünya, 6 qat Avropa çempionu olmaqla adını sambo tarixinə yazdırıb və hazırda Azərbaycan Sambo Federasiyasının prezidentidir.
Bəxtiyar Hacıyev beşqat Avropa çempionu olub, Emin Məmmədovun, İntiqamın, Vüqar Məmmədovun da uğurları olub.
Ağdamda güclü idmançılar, onlar sırasında şəhidlərimiz də olub. Sənan Rüstəmov, qardaşım Əhliman Ağayev, Yaşar Səfərov və başqaları. Allah bütün şəhidlərin məkanın cənnət eləsin.
Klubumuzda samboyla yanaşı, cüdo idman növü də fəaliyyət göstərir. Məqsəd Avropa, dünya, olimpiya çempionları yetişdirməkdir.
Beynəlxalq yarışlarda uğur qazanmış yetirmələrimdən Məhəmməd Məmmədzadə, Adil Adilzadə, Hacıəli Qasımov, Rəvan Rüstəmli və başqa titullu idmançılar da klubumuzda məşq edir".
Qeyd edək ki, məşhur mütəxəssis Əbülfəz Əliyevin yetirməsi Sehriman Ağayev sambo üzrə idman ustası, Dünya Kubokunun qalibi, dəfələrlə Avropa, dünya çempionatının mükafatçısı, əməkdar məşqçi, milli komandanın məşqçisi, "Neftçi" İdman Klubunun baş məşqçisidir, cüdoda dünya çempionatının ikincisi olub.