AMADA üçüncü beynəlxalq konfrans təşkil edəcək
Supersport.Az xəbər verir ki, Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2024-cü ilə mötəbər beynəlxalq konfransla yekun vuracaq.
Cari il üçüncü dəfə beynəlxalq konfrans təşkil edən AMADA 16 dekabrda idman ictimaiyyətinin nümayəndələrini və antidopinq sistemində məsul şəxsləri yenidən bir araya toplayacaq.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda "Təmiz qələbə: Olimpiya ilinə yenidən baxış" adı altında təşkil olunacaq beynəlxalq konfransda dövlət rəsmiləri, Olimpiya çempionları, federasiya rəhbərləri, həmçinin Ümumdünya Antidopinq Agentliyinin (WADA), Beynəlxalq Test Agentliyinin (ITA), digər ölkələrin milli antidopinq təşkilatlarının rəhbər şəxsləri, nüfuzlu ali təhsil ocaqlarının professorları və mütəxəssislər iştirak edəcəklər.
Sessiyalar üzrə davam edəcək konfransda “Paris-2024” Yay Olimpiya Oyunlarının yekunlarına nəzər salınacaq, dopinqin aşkarlanmasında yenilikçi tədqiqatlar və gələcək çağırışlar, dopinq nəzarəti prosesində dəqiqlik, Olimpiya antidopinq səylərində əldə olunan nailiyyətlər, antidopinqdə təhsil və elmin öncüllüyü kimi mövzular müzakirə olunacaq.
Tədbirin məqsədi antidopinq sahəsindəki təcrübə və biliklərin artırılması, elmi araşdırmaların dəstəklənməsi, həmçinin idmançılar və idman ictimaiyyəti arasında dopinqə qarşı mübarizənin və maarifləndirmənin gücləndirilməsindən ibarətdir.
Konfrans çərçivəsində AMADA və "Gilavar" Foto Klubunun birgə təşkil etdiyi "Olimpiya ruhu: Qələbə və məğlubiyyətdən kənar" adlı beynəlxalq müsabiqənin qalib fotolarından ibarət sərgi nümayiş olunacaq.