"Əziz Şuşa" beynəlxalq turnirin qalibi idmançımız oldu

Digər, Velosiped
10 İyul 2022 - 16:36
Supersport.Az-ın məlumatına görə, iyulun 10-da “Əziz Şuşa” beynəlxalq velosiped yarışı başa çatıb.
Yarışda 8 ölkəni təmsil edən 13 komandadan ümumilikdə 75 idmançı mübarizə aparıb. Turnirin ikinci mərhələsi Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edib.
İdmançılar Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı ilə inşa edilmiş “Zəfər yolu” ilə 71 km məsafədə şose velosipedinin qrup ötüşməsi növündə güclərini sınayıblar.
İkinci mərhələnin nəticələrinə görə, Türkiyənin “Sakarya BB Pro Team” klubunun tərkibində yarışan, Azərbaycan milli komandasının üzvü
Elçin Əsədov finişə hamıdan tez çatıb. Özbəkistanın “Tashkent City” klubunun üzvü
Akramjon Sunnatov gümüş, Monqolustan milli komandasının üzvü
İderbold Bold isə bürünc medal qazanıb. Yarışın lideri olduğuna görə Elçin Əsədova sarı köynək təqdim edilib.



İki günün yekunlarına əsasən komanda proqramında
1-ci yerə Türkiyənin "Sakarya BB Pro Team" klubu,
2-ci yerə Özbəkistanın "Tashkent City" klubu,
3-cü yerə Monqolustan milli komandası çıxıb.




İdmançılara mükafatları Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Azərbaycan Respublikası gənclər və idman naziri Fərid Qayıbov, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Respublikasının Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov, AVF-nin vitse-prezidenti Robert Eyyubov təqdim ediblər.